FHN: Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın söndürülüb
Bakı, 4 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində 16 mərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Yanğın nəticəsində binanın şaxtasında elektrik naqilləri və zirzəmi hissəsində elektrik lövhəsi yanıb.