“Ədəbi proses – 2025”: Zəfər diskursundan Böyük Qayıdış ideyasına
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2025” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları foyedə “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrinin müxtəlif illərdə keçirilmiş toplantılarını əks etdirən nəşrlərdən ibarət sərgi ilə tanış olublar.
Müşavirəni açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli “Böyük Qayıdış ədəbiyyatı” mövzusunda çıxış edib. Akademik bildirib ki, İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycan ədəbiyyatı əsasən Zəfər diskursu üzərində inkişaf edib. Otuzillik işğaldan sonra qazanılmış tarixi Qələbənin yaratdığı sevinc, qürur və milli ruhun ədəbiyyatda müxtəlif bədii formalarda əks olunması təbii prosesdir. İllər keçdikcə ədəbi yaradıcılıqda Zəfərin emosional tərənnümündən onun mahiyyətinin dərkinə və bədii-fəlsəfi dəyərləndirilməsinə doğru meyil güclənib.
İsa Həbibbəyli qeyd edib ki, son illərdə Zəfər mövzusu ilə yanaşı, Böyük Qayıdış ideyası da Azərbaycan ədəbiyyatında aparıcı istiqamətlərdən birinə çevrilib. Bu mövzu yalnız Qarabağın yenidən qurulmasını və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını deyil, həm də milli yaddaşa, tarixi köklərə, soykökə və milli kimliyə dönüşü əhatə edir. Böyük Qayıdış ədəbiyyatı keçmişlə bu günün, tarixi yaddaşla müasir reallıqların üzvi əlaqəsini əks etdirən yeni ədəbi mərhələdir.
Akademikin diqqətə çatdırıb ki, bu proses, ilk növbədə, poeziya və publisistikada, sonrakı mərhələdə isə nəsrdə və dramaturgiyada özünü göstərir. Müasir Azərbaycan poeziyasında Qarabağda quruculuq prosesləri, doğma yurdlara qayıdan insanların yaşantıları, xatirələri və yeni həyatın mənəvi-psixoloji məqamları bədii ifadəsini tapır. Nəsrdə isə Böyük Qayıdış daha geniş epik təsvirlər, insan taleləri və obrazlar vasitəsilə təqdim olunur.
İsa Həbibbəyli 2025-ci ildə nəşr olunan bir sıra əsərlərin bu ədəbi istiqamətin formalaşmasında əhəmiyyətini vurğulayıb. İlham Tumasın “Məbəd döyüşləri”, Şəmil Sadiqin “Zəfər yolu”, Səxavət Məmmədin “Savaş və duman”, Əli bəy Azərinin “İki zəngəzurlu zabit” romanlarını, Aqil Abbasın “Rəmiş” povestini Böyük Qayıdış ədəbiyyatının diqqətəlayiq nümunələri kimi dəyərləndirib. Qeyd edib ki, bu əsərlərdə müharibə, qəhrəmanlıq, milli yaddaş, doğma torpağa qayıdış və insan taleləri müxtəlif bədii yanaşmalarla əks olunur.
O, Anarın “Qatardan qalan adam”, Şərif Ağayarın “Qayıdış”, Mahirə Nağıqızının “Mənim çəkmələrim” hekayələrini də bu ədəbi prosesin mühüm nümunələri sırasında qeyd edib. Akademik Qərbi Azərbaycana qayıdış mövzusunun da Böyük Qayıdış ədəbiyyatının ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Dramaturgiya sahəsində də yeni meyillərin müşahidə olunduğunu bildirən İsa Həbibbəyli Abdulla Qurbaninin “Məbəddə döyüş” və Cavad Zeynallının “Evimiz” pyeslərinin bu istiqamətdə əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Azərbaycan ədəbiyyatının bütün janrlarında Böyük Qayıdış mövzusunda yaddaqalan və əhəmiyyətli əsərlər yaradılır. Onun fikrincə, Böyük Qayıdış ədəbiyyatı müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ilk mərhələsinin yekunu, yeni tarixi dövrünün başlanğıcıdır. “Ədəbi proses – 2025” müşavirəsi isə bu yeni ədəbi mərhələnin elmi təqdimatı, nəzəri dərki və şərhi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə 2025-ci ilin poeziya və nəsr mənzərəsi, ədəbi tənqid və ədəbiyyatşünaslıq, dramaturgiya, ədəbi gənclik, bölgələrdə ədəbi həyat, Güney Azərbaycan ədəbiyyatı, publisistika, uşaq ədəbiyyatı, tərcümə, rusdilli və iraq-türkmən ədəbiyyatı, eləcə də sosial şəbəkə ədəbiyyatının aktual məsələlərinə həsr olunmuş məruzələr dinlənilib. Məruzələrdə hesabat ilində Azərbaycan ədəbiyyatının müxtəlif sahələrində baş verən proseslər, poeziya və nəsrdə mövzu və poetika axtarışları, dramaturgiyanın inkişaf meyilləri, ədəbi tənqid və ədəbiyyatşünaslığın aktual problemləri, gənc yazarların yaradıcılıq istiqamətləri, habelə tərcümə, uşaq ədəbiyyatı və sosial şəbəkələrin ədəbi mühitə təsiri təhlil olunub.
Müşavirə müasir ədəbi prosesin inkişaf xüsusiyyətlərinin, 2025-ci ilin ədəbi mənzərəsinin əsas istiqamətlərinin və qarşıda duran aktual vəzifələrin elmi-yaradıcı müstəvidə müzakirəsi ilə davam edib.