Mehman Nəcəfov: Milli ifaçılıq ənənələri gələcək nəsillərə düzgün çatdırılmalıdır
Bakı, 4 noyabr, AZƏRTAC
Bu gün gənclər arasında milli musiqi alətlərinə maraq var. Əsas məsələ bu marağı daha da artırmaq, düzgün istiqamətləndirmək və gəncləri milli alətlərimizin zəngin imkanları ilə yaxından tanış etməkdir. Müasir dövrdə gənclər müxtəlif musiqi janrlarına maraq göstərsələr də, milli musiqimizə və özünəməxsus səs tembrinə malik alətlərimizə diqqət yetirənlər də az deyil.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin müəllimi Mehman Nəcəfov deyib.
Onun sözlərinə görə, balaban səs çalarları, ifadə imkanları və dinləyiciyə emosional təsiri ilə seçilən milli musiqi alətimizdir. Bu alətin səsində xalqımızın musiqi duyumu, yaşantıları və mənəvi dünyası əks olunur. Balabanın ifasında xalq mahnılarını, rəqsləri və digər musiqi nümunələrini dinləmək gənclərdə bu alətə xüsusi maraq yarada bilər. Bunun üçün balabanı yalnız ənənəvi musiqi məclislərində səslənən alət kimi deyil, geniş ifa imkanlarına malik musiqi aləti kimi təqdim etmək vacibdir.
“Bir müəllim kimi hesab edirəm ki, gənclərin marağını artırmaq üçün ilk növbədə onlara milli musiqimizin gözəlliyini hiss etdirmək lazımdır. Şagird sevdiyi alətin səsini tanıdıqca, onun ifa imkanlarını öyrəndikcə və öz inkişafını gördükcə musiqiyə daha çox bağlanır. Bu baxımdan müəllimin yanaşması, tədris mühiti və milli musiqinin təbliği mühüm rol oynayır”, - deyə o əlavə edib.
Azərbaycan milli ifaçılıq məktəbinin ənənələrinin tələbələrə aşılanmasının əhəmiyyətindən danışan müəllim bildirib ki, bu, milli musiqi təhsilinin əsas məsələlərindəndir.
“Tələbəyə yalnız aləti düzgün tutmağı, səsləri dəqiq ifa etməyi və texniki cəhətdən mürəkkəb parçaları çalmağı öyrətmək kifayət deyil. O, ifa etdiyi musiqinin mahiyyətini, melodiyanın xarakterini, milli ifaçılıq üslubunu və əsərin dinləyiciyə çatdırılma xüsusiyyətlərini də mənimsəməlidir. Çünki texniki cəhətdən düzgün ifa ilə musiqinin ruhunu hiss etdirən ifa arasında mühüm fərq var”, - deyə M.Nəcəfov vurğulayıb.
O qeyd edib ki, balaban ifaçılığında nəfəsin düzgün idarə olunması, səsin sabitliyi, melodiyanın axıcılığı və ifadəli ifa xüsusi əhəmiyyət daşıyır. Bu xüsusiyyətləri mənimsəməklə yanaşı, tələbələr Azərbaycan xalq musiqisinin səciyyəvi cəhətlərini, ənənəvi ifa üslublarını və əvvəlki nəsil ifaçıların təcrübəsini də öyrənməlidirlər. Müəllim bu bilikləri tələbələrə çatdırmaqla onların musiqi zövqünün və ifaçılıq düşüncəsinin formalaşmasına kömək edir.
“Milli ifaçılıq ənənələrinin qorunması keçmişdə yaranmış musiqi nümunələrini olduğu kimi təkrarlamaq demək deyil. Əsas məsələ həmin ənənələrin mahiyyətini qorumaq, onları dərindən mənimsəmək və gələcək nəsillərə düzgün şəkildə ötürməkdir. Eyni zamanda, gənc ifaçıların yaradıcılıq imkanlarına şərait yaratmaq da vacibdir. Hesab edirəm ki, milli ənənələrə əsaslanan, inkişaf və yeniliyə açıq tədris prosesi daha hazırlıqlı, düşüncəli və özünəməxsus ifa tərzinə malik musiqiçilərin yetişməsinə imkan verir”, - deyə o bildirib.