Samuxda yeni yaşıllıqlar salınıb
Samux, 4 noyabr, AZƏRTAC
Samuxda 8 Noyabr – Zəfər Günü münasibətilə növbəti ağacəkmə aksiyası təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, aksiyada rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rayon ərazisində ümumilikdə 2000-ə yaxın ağac və gül kolları əkilib. Əkilən tinglərin əsas hissəsini zeytun və badam ağacları təşkil edib. Tinglərin normal inkişafını təmin etmək məqsədilə ərazidə damlama-suvarma sistemi quraşdırılıb. Mövcud yaşıllıqların dibləri yumşaldılıb və onlara aqrotexniki qaydalara uyğun qulluq göstərilib.
Aksiyanın keçirilməsində məqsəd rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, ətraf mühitin qorunmasına, yaşıllıqların sayının artırılmasına töhfə verməkdir.