“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
“PMD Group” Bakıda və regionlarda, o cümlədən Qarabağda daşınmaz əmlak və turizm sektorunun inkişafına yönəlmiş bir sıra iri layihələr həyata keçirir.
Bunu AZƏRTAC- a açıqlamasında “PMD Group”un inkişaf departamentinin rəhbəri Kamil Əliyev Azərbaycanın ilk Beynəlxalq Daşınmaz Əmlak Sərgisi – AIREX 2026 çərçivəsində deyib.
O qeyd edib ki, “PMD Group” sərginin baş sponsoru qismində çıxış edir. Şirkət ilk dəfə olaraq tədbirdə Bakıda və regionlarda icra etdiyi bir neçə iri layihəni təqdim edir.
Kamil Əliyev bildirib ki, Qarabağda, o cümlədən Ağdam, Hadrut, Şuşa və Daşaltıda həyata keçirilən layihələr şirkət üçün xüsusi əhəmiyyət daşıyır və həm ölkə, həm də regional səviyyədə böyük maraqla qarşılanır.
Onun sözlərinə görə, AIREX 2026 daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkətlərin bir araya gəlməsi, təcrübə mübadiləsi aparması, yeni investorlarla görüşməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm platformadır. Sərgi, eyni zamanda, Azərbaycana investisiya yatırmaq istəyən şirkətlərlə əlaqələrin qurulmasına geniş imkanlar yaradır.
Şirkət rəsmisi vurğulayıb ki, “PMD Group” həyata keçirdiyi layihələrdə müasir mehmanxana konsepsiyalarının tətbiqinə xüsusi önəm verir. Bu baxımdan beynəlxalq hotel şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi, layihələrə yeni mehmanxana brendlərinin cəlb olunması əsas hədəflərdəndir.
Gələcək planlardan danışan K.Əliyev hazırda bir neçə layihə üzərində işlərin davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, Bakıda yerləşən Təzə Bazar layihəsində tikinti işləri fəal şəkildə aparılır. Layihənin paytaxtın memarlıq simasının zənginləşdirilməsinə, eləcə də şəhərin qastronomik müxtəlifliyinin artırılmasına töhfə verəcəyi gözlənilir.
O, Daşaltı kəndinin inkişafı layihəsi barədə də məlumat verib. Qeyd edib ki, hazırda ərazidə hotelin, kotteclərin və fərdi evlərin tikintisinə başlanılıb, zəruri infrastruktur işləri həyata keçirilir. Layihə çərçivəsində yaradılacaq park və əyləncə zonası Şuşaya və ümumilikdə Qarabağa səfər edən sakinlər və turistlər üçün yeni istirahət məkanına çevriləcək.
Kamil Əliyev sərginin təşkilatçılarına uğurlar arzulayıb, belə tədbirlərin daşınmaz əmlak sektorunun inkişafına və beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verdiyini bildirib.