Beynəlxalq Telekommunikasiya İttifaqı: Dünya əhalisinin 76 faizi internetdən istifadə edir
Bakı, 4 noyabr, AZƏRTAC
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) araşdırmalarına əsasən, cari ildə dünyada internet istifadəçilərinin sayı 6,3 milyard nəfərə çatıb ki, bu da dünya əhalisinin 76 faizini təşkil edir. Bununla belə, təxminən 2 milyard insan hələ də internetə çıxış imkanından məhrumdur.
AZƏRTAC BMT-nin yaydığı məlumata istinadla xəbər verir ki, 2025-ci illə müqayisədə internet istifadəçilərinin sayı 200 milyon nəfər artıb. MDB ölkələrində isə əhalinin 93 faizi internetdən istifadə edir. Ötən il bu göstərici 91 faiz olub.
Qlobal internet əhatəsinin genişlənməsinə baxmayaraq, rəqəmsal bərabərsizlik ciddi problem olaraq qalır. Belə ki, yüksəkgəlirli ölkələrdə əhalinin 93 faizi internetdən istifadə etdiyi halda, aşağıgəlirli ölkələrdə bu göstərici cəmi 32 faiz təşkil edir.
“İnternetə çıxışın olmadığı süni intellekt dövründə insanlar təhsildən tutmuş məşğulluğadək çoxsaylı imkanlardan məhrum olurlar”, – deyə BTİ-nin baş katibi Dorin Boqdan-Martin bildirib. O, hər kəs üçün əlçatan və keyfiyyətli internet bağlantısının genişləndirilməsinin vacibliyini vurğulayıb.
BTİ-nin Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Lakison Zavazava isə rəqəmsal bacarıqların inkişaf etdirilməsinin əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, zəruri biliklər və internetə tam çıxış imkanları olmadan müasir texnologiyaların üstünlükləri əhalinin əhəmiyyətli bir hissəsi üçün əlçatmaz qala bilər.
Gender və yaş fərqləri qalmaqdadır
BTİ-nin statistikası əhalinin müxtəlif qrupları arasında internetə çıxış imkanlarında fərqlərin olduğunu göstərir. Dünyada kişilərin 79 faizi, qadınların isə 74 faizi internetdən istifadə edir. MDB ölkələrində bu göstəricilər müvafiq olaraq 93 və 92 faizdir.
Gənclər internetə ən çox çıxış imkanına malik yaş qrupu olaraq qalırlar. Belə ki, 15–24 yaşlı insanların 86 faizi internetdən istifadə edir. Əhalinin digər yaş qruplarında bu göstərici 74 faizdir. MDB ölkələrində isə müvafiq göstəricilər 97 və 92 faiz təşkil edir.
Şəhər və kənd əhalisi arasında da fərq mövcuddur. Dünya üzrə şəhər sakinlərinin 82 faizi, kənd əhalisinin isə 63 faizi internetdən istifadə edir. MDB ölkələrində bu fərq nisbətən azdır – müvafiq olaraq 94 və 89 faiz.
Texnologiyaların əlçatanlığı qeyri-bərabərdir
BTİ-nin məlumatına əsasən, dünyada 10 yaşdan yuxarı əhalinin 84 faizi mobil telefona sahibdir. Lakin yüksəkgəlirli ölkələrdə bu göstərici 95 faizi ötdüyü halda, aşağı gəlirli ölkələrdə cəmi 57 faizdir.
Planet əhalisinin 97 faizi ən azı 3G mobil şəbəkəsinin əhatə dairəsində yaşasa da, daha müasir texnologiyalara çıxış imkanları qeyri-bərabər paylanıb. Belə ki, 5G şəbəkəsi dünya əhalisinin orta hesabla 59 faizi üçün əlçatandır. Yüksəkgəlirli ölkələrdə bu göstərici 86 faizə çatdığı halda, aşağı gəlirli ölkələrdə cəmi 4 faizdir.
MDB ölkələrində əhalinin 87 faizi 4G şəbəkəsindən, yalnız 10 faizi isə 5G texnologiyasından istifadə edir.
Mobil internetdən istifadə həcmləri də ölkələrin gəlir səviyyəsinə görə fərqlənir. Yüksəkgəlirli ölkələrdə mobil genişzolaqlı internet üzrə bir abunəçiyə düşən orta aylıq trafik həcmi 20 GB təşkil edir. Bu, aşağı gəlirli ölkələrdəki göstəricidən (3,4 GB) təxminən altı dəfə çoxdur.
Bununla yanaşı, rabitə xidmətlərinin qiyməti tədricən azalır. Mobil genişzolaqlı internet xidmətlərinin median qiyməti adambaşına düşən ümumi milli gəlir (ÜMG) 1,2 faizini, sabit genişzolaqlı internet xidmətlərinin qiyməti isə 2,3 faizini təşkil edir. MDB ölkələrində hər iki göstərici ÜMG-nin 0,9 faizinə bərabərdir.
Cari ildə dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və kiçik ada inkişaf etməkdə olan dövlətlər ilk dəfə mobil genişzolaqlı internetin əlçatanlığı üzrə beynəlxalq hədəf göstəricisinə nail olublar. Bu ölkələrdə xidmətin qiyməti adambaşına düşən ÜMG-nin 2 faizini təşkil edib.
Lakin ən az inkişaf etmiş ölkələrdə bu xidmətin median qiyməti hələ də ÜMG-nin 6,1 faizinə bərabərdir. Eyni zamanda, dünya ölkələrinin 30 faizi nə mobil, nə də sabit genişzolaqlı internetin əlçatanlığı üzrə müəyyən edilmiş hədəflərə nail olub.
BTİ-nin araşdırmasında vurğulanıb ki, süni intellektin inkişafı ilə əlaqədar rəqəmsal infrastruktura çıxış və müvafiq bacarıqlara yiyələnmək getdikcə daha böyük əhəmiyyət kəsb edəcək. Texnoloji tərəqqinin üstünlüklərinin ölkələr və sosial qruplar arasında nə dərəcədə bərabər bölüşdürüləcəyi məhz bu amillərdən asılı olacaq.