Qarabağ Milli Parkı işğaldan azad olunmuş ərazilərdə ekoloji təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcək - ŞƏRH
Bakı, 22 oktyabr, AZƏRTAC
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təbii ekosistemlərin bərpasına, biomüxtəlifliyin qorunmasına və ətraf mühitin mühafizəsinə yönəlmiş bütün təşəbbüslər alqışlanmalıdır. Təbiətin bərpası yalnız ekoloji məsələ deyil, həm də Azərbaycanın milli təbii irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm vəzifədir. Məlumdur ki, Ermənistanın 30 illik işğalı dövründə bu ərazilərin meşə fonduna, su ehtiyatlarına, torpaq örtüyünə və canlı aləminə ciddi ziyan vurub. Buna dair çoxsaylı faktlar toplanıb və beynəlxalq təşkilatlara da təqdim olunub. İşğaldan azad edilmiş bölgələrdə, xüsusən Şərqi Zəngəzurda qiymətli meşə fondu məhv edilib, nadir ağaclar mebel sənayesinə qurban verilib. Çaylarımız çirkləndirilib, otlaq, örüş sahələri, əkinə yararlı torpaqlar barbarcasına istismar olunub. 30 ildə əkinə yararlı münbit torpaq sahələri hərbi məqsədlər üçün istifadə edilib, hərbi texnikanın hərəkəti, mina partlaması nəticəsində və baxımsız qalması üzündən torpağın humus qatı sıradan çıxarılıb.
Bunu AZƏRTAC-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
O xatırladıb ki, Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunda nadir Şərq çinarlarının bir hissəsi kəsilib, bəzi ağacların köklərinin məhv edilməsi üçün partlayıcı maddələrdən istifadə olunub və ərazidə yanğınlar törədilib. Həmin bölgənin Topmeşə sahəsində qoz və digər qiymətli ağaclar qırılaraq daşınıb, Daş-başı və Leşkar meşələrində 55 hektarlıq qoz meşəsinə, eləcə də Top və Şükürataz ərazilərindəki 350-400 illik palıdlara ziyan vurulub. Laçında qırmızı palıd ağaclarının kökündən çıxarılaraq doğrandığı, mebel istehsalında istifadə edildiyinə dair tutarlı faktlar var. Ermənilər həmin palıd növünü kəsərək şərab sənayesində çəllək hazırlamaq üçün Avropa ölkələrinə göndəriblər. İşğalçılar Ağdam, Füzuli, Ağdərə, Kəlbəcər və digər bölgələrdə də canlı təbiətə qarşı vandalizm aktları törədiblər.
Qarabağ və Şərqi Zəngəzurda məhv edilmiş meşə zonalarının, otlaq sahələrinin, əkin yerlərinin bərpası istiqamətində son 6 ildə xeyli işlər görüldüyünü diqqətə çatdıran İctimai Birlik sədri deyib: "İşğaldan azad olunmuş ərazilərdə icra edilən ekoloji layihələr, yeni meşə massivlərinin salınması, ağacəkmə tədbirlərinin həyata keçirilməsi və torpaqlara aqrotexniki qulluq göstərilməsi ekosistemin bərpası baxımından mühüm əhəmiyyət daşıyır. Həmin tədbirlər torpağın münbitliyinin qorunmasına, eroziya proseslərinin qarşısının alınmasına, su rejiminin tənzimlənməsinə və biomüxtəlifliyin zənginləşməsinə töhfə verir. Əsas məqsəd yerli iqlim və torpaq şəraitinə uyğun bitki növlərindən istifadə etməklə dayanıqlı meşə ekosistemləri yaratmaq və təbii mühitin uzunmüddətli bərpasını təmin etməkdir. Prezidentin müvafiq Sərəncamı ilə Ağdərə, Xocalı, Kəlbəcər, Şuşa və Laçın rayonlarının ərazilərindən ümumilikdə 88 min 418 hektar torpaq sahəsində Qarabağ Milli Parkı yaradılması vaxtında verilmiş qərardır. Qarabağ Milli Parkının yaradılması işğaldan azad edilmiş ərazilərdə biomüxtəlifliyin qorunması, təbii ekosistemlərin bərpası və ekoloji tarazlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri salınır, kənd və qəsəbələr bərpa edilir, müasir infrastruktur qurulur, yeni iş yerləri yaradılır. Doğma yurdlarına qayıdan sakinlər bölgənin sosial-iqtisadi həyatını canlandırırlar. Qarabağ və Şərqi Zəngəzur 30 il sonra yenidən insan nəfəsi ilə isinir, həyat öz axarına qayıdır. Amma təbiətimizi də bərpa etməliyik. Avtomat, top səsi ilə 30 il bölgədən qaçmış heyvanlar da həmin əraziyə qayıtmalı və çoxalmalıdır. Milli parkın ərazisindəki meşə ekosistemlərinin, nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşən bitki və heyvan növlərinin mühafizəsi xüsusi önəm kəsb edir. İşğal dövründə meşələrə, su ehtiyatlarına və torpaq örtüyünə vurulmuş zərərin aradan qaldırılması üçün elmi əsaslara söykənən bərpa tədbirlərinin sürətləndirilməsi vacibdir. Hesab edirəm ki, milli parkın yaradılması təbii sərvətlərin təsərrüfat məqsədilə nəzarətsiz istismarının qarşısını alacaq, həssas ekosistemlərə antropogen təsirləri minimuma endirəcək. Eyni zamanda, ərazidə elmi tədqiqatların aparılması, iqlim dəyişmələrinin təbii mühitə təsirlərinin öyrənilməsi və ekoloji maarifləndirmənin genişləndirilməsi üçün yeni imkanlar yaranacaq. Düzgün idarəetmə modeli tətbiq olunarsa, milli park ekoturizmin inkişafına, yerli əhalinin məşğulluğuna və bölgənin dayanıqlı iqtisadi inkişafına da töhfə verə bilər. Ən başlıcası, Qarabağ Milli Parkı Azərbaycanın təbii irsinin gələcək nəsillər üçün qorunmasına, işğaldan azad edilmiş ərazilərdə ekoloji təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcək”.
Müxbir - Göyçək Mahmudlu