Avropanın gələcəyi qaranlıq olsa da, nicat yolları var
Bakı, 20 oktyabr, AZƏRTAC
Hakimiyyətə gəldiyi il Fransa xalqı üçün “ümid simvolu” olan Makron bu gün Avropanın “borc içində üzən kralı”na çevrilib. Fransa büdcə kəsirini və borc öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir.
AZƏRTAC xəbər verir ki, Almaniyada dərc olunan “Die Welt” nəşri yazır ki, Fransanın borcu avronu təzyiq altında qoyur və onun dünya valyutaları arasındakı dəyəri sürətlə aşağı düşür. Avropa Mərkəzi Bankının sabiq sədri Mario Draqi bildirib ki, İtaliya, İspaniya, Portuqaliya və Almaniya bankın aşağı faizlə kredit verməsi siyasətindən yararlanaraq borc götürüblər. Lakin bu vəsaitlər real iqtisadiyyatın inkişafına deyil, seçkilər zamanı siyasətçilərin xalqa verdikləri qeyri-real vədləri yerinə yetirməyə yönəldilib. Dəyər yaradan iqtisadi sistemə sərmayə qoymaq, yeni iş yerləri yaratmaq, iqtisadiyyatı şaxələndirmək, enerji təhlükəsizliyini tam təmin etmək və digər problemləri həll etmək əvəzinə, siyasi xadimlər vəsaiti əhalinin sosial vəziyyətini yaxşılaşdırmağa yönəldiblər. İndi isə həmin öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkirlər.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, həm büdcə vəsaitləri, həm də alınan kreditlər hesabına yeni infrastruktur yaradılmalı, dövlət investisiyaları artırılmalı və iş yerləri açılmalı idi. Bununla əhalinin gəlirləri və alıcılıq qabiliyyəti artar, vergi sistemi isə sabit və dayanıqlı vəziyyətdə qalardı. Lakin siyasi xadimlər seçkilər ərəfəsində həyata keçirilməsi çətin, hətta mümkün olmayan vədlər verərək səsləri topladılar və hakimiyyətə gəldilər. Uzunmüddətli iqtisadi layihələri bir kənara qoyub, qısa müddətdə əhaliyə ayrılan subsidiyaları artırmaqla verdikləri vədləri yerinə yetirməyə çalışdılar. Büdcə kəsirini isə Avropa Mərkəzi Bankından alınan kreditlər hesabına ödəmək qərarına gəldilər. Bununla da işlərini başa çatmış hesab etdilər.
Lakin “sən saydığını say...”. Rusiya ilə Ukrayna arasında başlayan müharibəyə son qoymaq və rəsmi Moskvaya təzyiq göstərmək məqsədilə Rusiyadan qaz almaqdan imtina edildi. Nəticədə Avropa enerji bazarını təbii qazla təmin edən əsas ölkələrdən biri olan Rusiyadan idxalın azaldılması Avropa dövlətlərinin özləri üçün ciddi çətinliklər yaratdı. 2022-ci ildə qazın min kubmetrinin qiyməti 1700 dollara qədər yüksəldi. ABŞ Prezidenti Cozef Baydenin hakimiyyəti dövründə Avropaya mayeləşdirilmiş təbii qaz tədarükü artdı və vəziyyət nisbətən sabitləşdi.
2024-cü ildə Donald Trampın prezident seçilməsindən sonra ABŞ-nin Yaxın Şərq siyasətində dəyişikliklər baş verdi. İrana qarşı hərbi əməliyyatlar başladı və bunun nəticəsində Hörmüz boğazı bağlandı, dünya enerji bazarına neft nəqli məhdudlaşdı. Təchizatın dayanması enerji daşıyıcılarının qiymətlərinin dəfələrlə artmasına səbəb oldu. Bunun ardınca istehlak mallarının qiymətləri yüksəldi və inflyasiya artmağa başladı. Həm Rusiyadan, həm də Yaxın Şərqdən neft və qaz tədarükündə çətinliklərlə üzləşən Avropada, nəhayət, 2026-cı ilin oktyabrında gözlənilən sosial partlayış ilk olaraq Fransada baş verdi.
Beynəlxalq Valyuta Fondu Avropada 2026-cı ildə 1,1 faiz, 2027-ci ildə isə 1,2 faiz iqtisadi artım proqnozlaşdırır. Lakin bu, çox cüzi göstəricidir. Hazırda Avropa iqtisadiyyatını şaxələndirməklə yanaşı, enerji idxalını da şaxələndirməli, perspektivdə real iqtisadiyyata sərmayə yatıraraq dəyər yaradan iqtisadi sistemə keçid etməlidir.
Digər mühüm məsələ geosiyasi problemlərlə bağlıdır. Hazırda Avropa İttifaqında (Aİ) üzv dövlətlərin siyasi maraqları arasında ziddiyyətlər mövcuddur. Böhrandan çıxmaq üçün Rusiyadan qaz almağın tərəfdarı olan ölkələr də var. Lakin bu yanaşma Aİ-nin ümumi siyasi xətti ilə ziddiyyət təşkil edir.
Bütün bu məsələlərə həll yolu tapılarsa və vahid mövqe ortaya qoyularsa, uzunmüddətli iqtisadi problemlər də tədricən həllini tapa bilər. Hələlik isə həm siyasi, həm də iqtisadi sahələrdə sabitlik müşahidə olunmur.
Avropanın gələcəyi qaranlıq olsa da, nicat yolları var. Siyasi xadimlərin populist bəyanatlardan əl çəkərək bu imkanlardan necə istifadə edəcəklərini isə zaman göstərəcək.