Fransa cəmiyyətində toplanan qəzəb və narazılıq gec-tez partlamalı idi - RƏY
Bakı, 22 oktyabr, AZƏRTAC
Fransada son zamanlar cərəyan edən dramatik hadisələr və dərinləşən sosial-siyasi böhran heç də təsadüfi xarakter daşımır və ya qəfil ortaya çıxan ani narazılıqların təzahürü deyil. Paris küçələrini bürüyən xaos və kütləvi etirazlar illərdir Emmanuel Makron hakimiyyətinin cəmiyyətin sosial ehtiyaclarına göz yumaraq yeritdiyi antidemokratik, avtoritar və faktiki olaraq diktatura siyasətinin məntiqi nəticəsidir. İllər öncə ölkəni lərzəyə salan "sarı jiletlilər" hərəkatı, ardınca əhalinin böyük əksəriyyətinin kəskin etirazına baxmayaraq, güc tətbiqi ilə qəbul etdirilən pensiya islahatları və saysız-hesabsız digər sosial ədalətsizliklər xalqın səbir kasasını artıq çoxdan doldurmuşdu. Fransa cəmiyyətində toplanan qəzəb və narazılıq gec-tez məhz bu şəkildə partlamalı idi, çünki Yelisey sarayının sakini cəmiyyəti dərin qütbləşməyə sürükləyən tərsliyi və siyasi inadkarlığı ilə kosmik miqyaslı xətalara yol verərək ölkəni, sözün əsl mənasında, uçuruma sürükləyib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Onun sözlərinə görə, bu gün Fransa meydanlarında baş verənlərin pərdəarxası məqamlarına nəzər saldıqda daha təhlükəli bir ssenarinin cızıldığı aydın görünür. Makron diktaturasının xüsusi xidmət orqanları və agenturası dinc nümayişçilərə qarşı məqsədli təxribatlar törətməklə məşğuldur. Meydanlara yerləşdirilən, xüsusi təlim keçmiş və yönləndirilmiş radikal qruplar qarətlər törədir, binaları və avtomobilləri yandırır, iğtişaşlar yaratmaqla dinc tələbələrin, fəhlələrin və sıravi vətəndaşların tamamilə haqlı sosial tələblərini kölgədə qoymağa çalışırlar. Dövlətin birbaşa nəzarəti və idarəçiliyi altında həyata keçirilən bu vandallıq ssenarisinin əsas məqsədi cəmiyyətdə qorxu, xaos və vahimə hissi aşılamaq, dinc etirazçılara qarşı ictimai nifrət formalaşdırmaq və bununla da fransız polisinin nümayişçilərə qarşı tətbiq etdiyi görünməmiş zorakılığa hüquqi və mənəvi bəraət qazandırmaqdır.
"Bu təhlükəli gedişatın arxasında dayanan əsas amillərdən biri də ölkədə yaxınlaşan seçkilər ərəfəsində Makronun siyasi reytinqinin tarixin ən aşağı səviyyəsinə düşməsidir. Siyasi dayaqlarını və xalqın etimadını tamamilə itirən hakimiyyət ölkəni qəsdən idarəolunmaz xaos və çaşqınlıq mühitinə sürükləyir ki, seçkilər ərəfəsində hərbi və ya fövqəladə vəziyyət elan etmək üçün münbit şərait yaratsın. Hərbi rejim vasitəsilə əldə ediləcək fövqəladə və geniş səlahiyyətlərdən istifadə edən Makron administrasiyası özünə müxalif olan siyasi qüvvələri, azad tələbə hərəkatlarını və müstəqil medianı kütləvi həbslər və təzyiqlərlə tamamilə susdurmağı, öz hakimiyyət ömrünü uzatmağı hədəfləyir. Eyni zamanda, bu süni xaos ssenarisi Makron elitasının adının qarışdığı genişmiqyaslı maliyyə fırıldaqlarını, korrupsiya əməllərini və dövlət vəsaitlərinin qeyri-şəffaf xərclənməsi ilə bağlı ağır iddiaları ört-basdır etmək məqsədi güdür. Küçələrdəki alov və iğtişaşlar cəmiyyətin və beynəlxalq aləmin diqqətini hakim elitanın maliyyə cinayətlərindən yayındırmaq üçün istifadə olunan əlverişli bir pərdədir", - deyə deputat diqqətə çatdırıb.
K.Bayramov əlavə edib ki, Fransada yaşanan böhran təkcə Makron diktaturasının daxili uğursuzluğu deyil, həm də Avropa Parlamenti, Avropa Komissiyası, Ursula Fon der Lyayen və digər üst dərəcəli bürokratların illərdir yürütdüyü məsuliyyətsiz və ikili standartlara söykənən siyasətinin acı nəticəsidir. Başqa ölkələrdə baş verən ən xırda insidentə görə dərhal "insan hüquqları və demokratiya" bəyanatları yayan, sərt hesabatlar hazırlayan Avropa Parlamenti və digər Avropa strukturları, hazırda Parisin mərkəzində dinc insanların fransız polisi tərəfindən vəhşicəsinə döyülməsinə, kütləvi həbslərə və insan hüquqlarının tapdanmasına tam mənada göz yumur və bu dəhşətli avtoritarizmə susqunluqla şərik olur.