Din və dünyəvilik: Azərbaycan Doktrinası
Bakı, 20 oktyabr, AZƏRTAC
Müasir dövlət dünyəvilik prinsipi əsasında formalaşıb. Dövlətlə cəmiyyət və vətəndaş arasındakı münasibətləri tənzimləyən, ictimai müqavilə kimi qəbul edilən konstitusiyalarda da bu prinsip öz əksini tapıb. Azərbaycan Konstitusiyasında da dövlətin xarakteri müəyyənləşdirilərkən dünyəvilik prinsipinə xüsusi yer verilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri, dosent Orxan Vəliyev deyib.
Tarixi və nəzəri çərçivə
Onun sözlərinə görə, siyasət nəzəriyyəçiləri suverenliyi milli dövlətlərin əsas prinsipi kimi müəyyənləşdiriblər. Milli dövlətlərdə sosial, iqtisadi, mədəni və siyasi həyat dünyəvilik prinsipi əsasında təşkil olunub. Avropada Volterin, Azərbaycanda isə Axundzadənin təmsil etdiyi dünyəvilik dini doktrinalara və xanədan hakimiyyətinə əsaslanan dövlət modelinin yerini milli suverenlik prinsipinə əsaslanan idarəçilik sisteminin tutmasına zəmin yaradıb. Lakin 1970-1980-ci illərdə maliyyə kapitalizminin güclənməsi, postmodernist və neoliberal düşüncənin yayılması, texnologiyanın təsirinin artması modern nizamı sarsıdıb, dinin sosial, iqtisadi və siyasi müstəvilərdə yenidən görünürlük qazanmasına şərait yaradıb.
Azərbaycan doktrinası
Dinin də milli kimliyin bir parçası olduğunu deyən O.Vəliyev bildirib ki, müasir dünyada kimliklər əsasən milli və etnik əsaslarda formalaşıb. İslam Azərbaycan kimliyinin ayrılmaz hissəsidir. Azərbaycan kimliyi türklük və türkçülük zəminində təşəkkül tapıb, siyasi-hüquqi əsasları isə azərbaycançılıq çərçivəsində formalaşıb. “Azərbaycan doktrinası” azərbaycançılığı əsas, multikulturalizmi tamamlayıcı element kimi ehtiva edir. Azərbaycanın din siyasəti İran və Türkiyənin yanaşmalarından fərqlənir. Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində milli və etnik kimlik, vətəndaşlıq və məzhəb məsələlərinə toxunaraq bildirib ki, azərbaycanlıların mütləq əksəriyyəti üçün məzhəb fərqlərinin əhəmiyyəti yoxdur.
“Bu yanaşma İslam milli kimliyinin tərkib hissəsi olsa da, dinin siyasi institutlara və cəmiyyətə təsirinin Türkiyə və İranla müqayisədə daha məhdud olduğunu göstərir. Bunun sosial-tarixi səbəbləri var. Şimali Azərbaycan Osmanlı və Səfəvi hakimiyyəti altında olsa da, dini-institusional ənənələr, xüsusilə mədrəsə sistemi baxımından imperiyaların mərkəzlərindən fərqlənərək əsasən ucqar bölgə rolunu oynayıb. Osmanlı və Səfəvi irsinin institusional tərəfləri əsasən Türkiyə və İran tərəfindən mənimsənilib, Azərbaycan isə öz tarixi təcrübəsinə uyğun din siyasəti formalaşdırır. Ölkənin müasir tarixi Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri, eləcə də Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması kimi kənar müdaxilələrin təsiri altında formalaşıb. 2020-ci və 2023-cü illərin zəfərlərindən sonra Azərbaycan suverenliyini möhkəmləndirməyə çalışır. Türk dünyası ilə əlaqələrin dərinləşdirilməsi də ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindəndir”, - deyə dosent əlavə edib.
O.Vəliyev qeyd edib ki, dinin ictimai məkandakı rolunun məhdudlaşdırıldığı 70 illik sovet dövrü Azərbaycan cəmiyyətində müəyyən mədəni xüsusiyyətlər formalaşdırıb.
“Prezident İlham Əliyevin müsahibəsində din və məzhəb məsələlərinə xüsusi diqqət yetirməsi dövlətin yanaşmasını anlamaq baxımından əhəmiyyətlidir. Azərbaycan üçün siyasətin dini mahiyyət daşıması və siyasi fəaliyyətin dini sektalar, qruplar və camaatlar tərəfindən yönləndirilməsi prioritet deyil. Belə model dövlətçilik ənənələri və milli kimliyin qorunması ilə ziddiyyət təşkil edə bilər. Azərbaycan dini qurum və icmalara münasibətdə multikultural siyasət həyata keçirsə də, dinin siyasi institutlara təsirinin yeni formalarını nəzərə alaraq, özünəməxsusluğunu qoruyan strategiya yürütməlidir. Dinin tamamilə nəzərə alınmadığı sərt dünyəvi siyasətin davamlılığı da mümkün deyil. Buna görə Azərbaycan din sahəsində siyasətini, tədris və tədqiqat imkanlarını inkişaf etdirir. Beləliklə, türklük və azərbaycançılıq zəminində formalaşan milli özünəməxsusluq din siyasətində də özünü göstərir”, - deyə dosent vurğulayıb.
O bildirib ki, dövlətin din siyasəti işğaldan azad edilmiş ərazilərdəki bərpa işlərində də əksini tapır. Şuşada ilk addımlardan biri Gövhər Ağa məscidinin bərpası olub. Dini abidələrin bərpası, Şuşada ənənəvi memarlıq xüsusiyyətlərini əks etdirən müasir məscidin inşası və Bakıda dini azlıqların ibadət məkanlarına göstərilən dəstək dövlətin dinə münasibətini nümayiş etdirir. Beləliklə, din Azərbaycan kimliyinin ayrılmaz hissəsi olsa da, siyasi və hüquqi qərarlarda müəyyənedici deyil. Qələbədən sonra milli kimliyin yenilənməsi dinə münasibətdə də yeni yanaşmanı zəruri edir. Azərbaycanın əsas vəzifəsi milli kimliyin özünəməxsusluğunu qorumaqla yanaşı, dinin cəmiyyətdəki yerini tarixi təcrübəsinə, milli maraqlarına və müasir ehtiyaclarına uyğun müəyyənləşdirməkdir.