“Zəfər” İdman Klubunun təqdimatı olub
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (AzDBTİA) III kurs “SABAH” qrupunun “İdman klublarının menecmenti” fənni üzrə sərbəst iş mövzusunda virtual şəkildə hazırladıqları “Zəfər” İdman Klubunun təqdimatı olub.
“SABAH” qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbiri idman klublarının menecmenti fənnini tədris edən AzDBTİA-nın idman menecmenti və kommunikasiya kafedrasının müəllimi Müjkan Məmmədzadə açıq elan edərək virtual klub haqqında ətraflı məlumat üçün tələblərə söz verib.
Əvvəlcə tələbə Ülvi Məlikzadə çıxış edərək virtual “ZƏFƏR” İdman Klubunun görəcəyi işlər barədə ümumi məlumat verib. Ü.Məlikzadə çıxışında virtual “ZƏFƏR” İdman Klubunun yaranması məqsədi, işğaldan azad olunmuş torpaqlarda hərbi və milli idman oyunlarının, milli idman oyunlarının inkişaf etdirməsindən danışıb.
Sonra “SABAH” qrupunun tələbələri Hüseyn İbadov, Yusif Bunyatzadə və Pərviz Sadıqov virtual klubun hüquqi əsası, funksiyası, departament üzvləri və maliyyə təminatı haqqında təqdimatla çıxış ediblər.
Növbəti təqdimat virtual “ZƏFƏR” İdman Klubunun “İdeya” departamenti barədə olub ki, qrupun tələbələri Etibar Gülməmmədov, Məhəmməd Bayramov işğaldan azad olunmuş ərazilərdə idman oyunlarının, Suqovuşanda Katamaran və şahmat yarışlarının keçirilməsi haqqında məlumat veriblər.
Virtual klubda hərbi idman oyunlarına da yer veriblər. Bu barədə qrupun tələbəsi Kənan Süleymanov təqdimatla çıxış edərək Qarabağda hərbi idman oyunlarının keçirilməsi üçün münbit şəraitin olduğunu bildirib. Bu oyunların əsasən Qubadlı, Laçın və Kəlbəcər ərazisində keçirilməsinin planlaşdırılmasını qeyd edib. Nəzərdə tutulan oyunlardan biri də gənclər arasında məşhur olan paintpoll oyunudur.
İşğaldan azad olunmuş torpaqlarda milli idman oyunlarının keçirilməsi barədə isə Akademiyanın III kurs “SABAH” qrupunun tələbəsi Ləman Sultanlı məlumat verib. L.Sultanlı Azərbaycanın milli idman oyunları olan Çövkən, Dirədöymə barədə ətraflı məlumat verərək oyunların Ağdamın imarət stadionunda, Zəngilan və Laçın ərazilərində keçirilməsinin, milli idman oyunlarımızın yetişməkdə olan gənc nəslə aşılanması barədə danışıb.
Nərmin İbrahimli isə çıxışında virtual klubun işğaldan azad olunmuş ərazilərdə vətənpərvərlik mövzusunda sərgilərin keçirilməsi, AzDBTİA-nın şəhid tələbələri barədə məlumat xarakterli təqdimatların keçirilməsi barədə ətraflı çıxış edib.
Akademiyanın III kurs “SABAH” qrupunun tələbələrinin idman klublarının menecmenti fənni üzrə sərbəst iş olaraq hazırladıqları təqdimatda qrupun hər bir tələbəsinin virtual “Zəfər” İdman Klubunun departamentləri üzrə öz araşdırması olub.