Lənkəranda Zəfər Günü qeyd olunub
Lənkəran, 8 noyabr, AZƏRTAC
Lənkəranda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. Tarixi Qələbənin rəmzinə çevrilən əlamətdar gün şəhidlərin xatirəsinə ehtiram, milli qürur və bayram əhvali-ruhiyyəsi ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəfər Günü münasibətilə təşkil olunan tədbirlər çərçivəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri əvvəlcə Lənkəranda Milli Qəhrəmanların abidələrini, daha sonra isə Şəhidlər Xatirə Abidə-Kompleksini ziyarət ediblər.
Ziyarət zamanı şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.
Bayram tədbirlərinin davamı olaraq “Bir zəfərin işığında” adlı konsert proqramı təqdim olunub.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Zəfər Gününün tarixi əhəmiyyətindən, xalqımızın milli birliyindən və şəhidlərin müqəddəs amalından bəhs edib.
Konsert proqramı yerli mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları ilə davam edib.
Zəfər Günü münasibətilə Lənkəranda müxtəlif istiqamətləri əhatə edən silsilə tədbirlər təşkil olunub. Bu çərçivədə viktorinalar, bilik yarışları, rəsm sərgiləri, idman turnirləri, elmi konfranslar və ağacəkmə aksiyaları keçirilib, teatr tamaşaları nümayiş etdirilib.
Müxbir - İlkin Adıyev