Zəfər Günü Tallində qeyd olunub
Stokholm, 9 noyabr, АZƏRTAC
Estoniyanın paytaxtı Tallinndə Azərbaycanın şanlı Zəfər Gününün 6-cı ildönümü münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Estoniya Azərbaycan İcması “Birlik”in təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev, bu ölkədə yaşayan Azərbaycan diasporunun nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbir Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edən Estoniya Azərbaycan İcması “Birlik”in həmsədri Zakir Miriyev iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək milli birliyin, həmrəyliyin və azərbaycançılıq ideyalarının yaşadılmasının vacibliyini vurğulayıb.
O bildirib ki, Azərbaycan torpaqlarını Vətən edən təkcə onun coğrafi sərhədləri deyil, həm də bu torpaq uğrunda canlarından keçən şəhidlərin qanı, xalqımızın sonsuz sevgisi və tarixi yaddaşıdır. Zakir Miriyev bu müqəddəs irsin qorunmasının, Vətənə sevginin gələcək nəsillərə ötürülməsinin hər bir azərbaycanlının mənəvi borcu olduğunu qeyd edib.
Tallinndə keçirilən bayram tədbirinə xüsusi rəng qatan məqamlardan biri də konsert proqramı olub. Azərbaycan Dövlət Konservatoriyasının məzunu, pianoçu Nəriman Əmiraslanovun və Estoniya Musiqi və Teatr Akademiyasının tələbəsi, skripkaçı Əli Əmişovun ifasında Azərbaycan və Avropa klassiklərinin əsərləri səsləndirilib.