Bəhreyndə Zəfər Günü qeyd olunub
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Bəhreyn Krallığındakı səfirliyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Bəhreyndə yaşayan, işləyən və təhsil alan Azərbaycan diasporunun nümayəndələri, səfirliyin əməkdaşları və onların ailə üzvləri iştirak ediblər.
Azərbaycanın Bəhreyn Krallığındakı səfiri Cavidan Hüseynov Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və bu əlamətdar günün xalqımızın tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin siyasi, hərbi və mənəvi nəticələrini, eləcə də ölkəmizin gələcək inkişafı və regionda sülhün təmin olunması baxımından əhəmiyyətini vurğulayıb.
“Xalqımızın təxminən 30 il ərzində böyük səbirsizliklə gözlədiyi bu Qələbə sevincini yaşatdığına görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, həmçinin torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizə və sağlamlıqlarını itirən qazilərimizə borcluyuq”, - deyə səfir bildirib.