Zəfər Gününə həsr olunmuş şahmat turniri təşkil edilib
Bakı, 8 noyabr, AZƏRTAC
Aberdin Universitetinin Azərbaycan Tələbələr Cəmiyyəti və “Buta Azerbaijan Scotland Association”ın birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş şahmat turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir tələbələri və şahmat həvəskarlarını bir araya gətirərək, intellektual mübarizə, strateji düşüncə və dostluq rəqabəti şəraitində təşkil olunub.
Turnir Zəfər Gününün tarixi və milli əhəmiyyətini qeyd etmək, gələcək nəsillərin sülh və təhlükəsizlik şəraitində yaşaması naminə canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etmək məqsədilə keçirilib. Eyni zamanda, tədbir iştirakçılar arasında birlik və dostluq əlaqələrinin möhkəmləndirilməsinə, şahmata olan ortaq maraq ətrafında insanların bir araya gəlməsinə xidmət edib.
Yarış iştirakçılara şahmat bacarıqlarını nümayiş etdirmək, bilik və strateji düşünmə qabiliyyətlərini sınamaq, eləcə də ortaq maraqlar əsasında yeni əlaqələr qurmaq imkanı yaradıb. Tədbir təşkilatçıların tələbə fəallığının artırılması, icma daxilində əlaqələrin gücləndirilməsi və insanları bir araya gətirən təşəbbüslərin həyata keçirilməsi istiqamətində fəaliyyətini əks etdirib.
Turnirin təşkilində İbrahim Xasıyev və Nərgiz Morrison yaxından iştirak edərək, tədbirin uğurla həyata keçirilməsinə töhfə veriblər.
Gərgin və maraqlı qarşılaşmalardan sonra turnirin qalibləri müəyyənləşib. I yerə Vaqif Ramazanov, II yerə Nihad Abdullazad, III yerə Tamerlan Ağayev layiq görülüb.
Aberdin Universitetinin Azərbaycan Tələbələr Cəmiyyəti və “Buta Azerbaijan Scotland Association” mükafatçıları əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib, yarışda iştirak edən hər kəsə təşəkkürünü bildirib.
Təşkilatçılar, həmçinin turnirin keçirilməsi üçün məkanın təşkilində göstərdiyi dəstəyə və əməkdaşlığa görə “Bon Accord Chess Club”un prezidenti Ceymi Mitçellə xüsusi minnətdarlıqlarını ifadə ediblər.
Bu kimi təşəbbüslər vasitəsilə Aberdin Universitetinin Azərbaycan Tələbələr Cəmiyyəti və “Buta Azerbaijan Scotland Association” icma əlaqələrinin möhkəmləndirilməsinə, mədəniyyətlərarası mübadilənin təşviqinə və müxtəlif mənşəli insanların bir araya gəlməsi üçün yeni imkanların yaradılmasına töhfə verməyə davam edir.