AZƏRTAC-DA GÖRÜŞ
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov qonağa agentliyin tarixi, müstəqillik illərində keçdiyi inkişaf yolu, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində görülən işlər barədə ətraflı məlumat vermiş, bu baxımdan BTA ilə qarşılıqlı əməkdaşlığın da böyük maraq doğurduğunu vurğulamışdır.
Cənab Maksim Minçev Avropanın ən qədim informasiya agentliklərindən olan 106 yaşlı BTA-nın fəaliyyətindən ətraflı söhbət açmış, Cənubi Qafqazda lider ölkə olan Azərbaycanla əlaqələrin inkişafına Bolqarıstanın böyük önəm verdiyini vurğulamışdır.
İşgüzar şəraitdə keçən söhbət zamanı hər iki agentlik arasında əlaqələr qurulması diqqət mərkəzində olmuş, ötən gün dövlət başçılarının iştirakı ilə imzalanmış əməkdaşlıq haqqında sazişin gələcək əməkdaşlıq üçün lazımi zəmin yaratdığı bildirilmişdir. Xüsusi vurğulanmışdır ki, Bolqarıstan Prezidenti Georgi Pırvanovun Bakıya səfərinin gedişində imzalanmış hökumətlərarası sazişlərin həyata keçirilməsinin informasiya təminatı baxımından AZƏRTAC və BTA-nın üzərinə mühüm vəzifələr düşür.
Görüşdə müasir dünyada informasiya sahəsində əməkdaşlığa dair ətraflı söhbət getmiş, bu baxımdan daha çox ünsiyyət yaratmaq üçün gələcəkdə AZƏRTAC və BTA əməkdaşlarının qarşılıqlı səfərlərinin təşkilinin faydalı olacağı bildirilmişdir.