ATGTİ-nin yaranmasından 2 il ötür
Bakı, 21 noyabr (AZƏRTAC). Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) yaranmasından 2 il ötür.
Ölkənin 39 dövlət və özəl ali məktəbini birləşdirən ATGTİ 2009-cu il noyabrın 20-də təsis edilmişdir. Bu ali təhsil müəssisələri sırasına həm paytaxt, həm də regionlarda fəaliyyət göstərən universitetlər daxildir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın gənclər siyasətində böyük rol oynayan təşkilatın məqsədi ali məktəblərdə təhsilin inkişafına kömək göstərmək, tələbələrin maraqlarını müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Fəaliyyət göstərdiyi 2 il ərzində gənclər təşkilatı regionun ən geniş və nüfuzlu tələbə təşkilatına çevrilmişdir.
ATGTİ tələbələri təhsilə və tədqiqat işlərinə həvəsləndirmək üçün konfranslar, müsabiqələr, elmi-əyləncəli oyunlar, seminarlar və təlim kursları təşkil etmişdir. Ötən dövrdə bu qurum beynəlxalq əlaqələrin yaradılması istiqamətində də mühüm irəliləyişlər əldə etmişdir. Belarusun Tələbə Şurası ilə niyyət protokolu imzalanmış, Belçika, Yunanıstan, Rusiya, Almaniya və Bolqarıstana səfərlər edilmişdir.
Təşkilat 20 Yanvar faciəsinə həsr olunmuş “Mənim 20 yaşım var!”, Beynəlxalq Sülh Günü ilə bağlı “Sülh içində yaşa!” aksiyalarını, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin adlarını yaşatmaq üçün “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində idman yarışları, “Milli kinolarımızı unutmayaq” mövzusunda silsilə tədbirlər həyata keçirmişdir.