Ağdamlı gənclərlə görüş keçirilmişdir
Bakı, 19 iyul (AZƏRTAC). Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı (AQMKGT) 2011-ci ili fəaliyyətinin əsas istiqaməti kimi Azərbaycan Respublikasının Milli Qəhrəmanı “Mübariz İbrahimov ili” elan etmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə AQMKGT “Vətən bizim and yerimiz” layihəsi çərçivəsində Ağdam rayonunun Təzəkənd köçkün qəsəbəsində gənclərlə görüş keçirmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, AQMKGT-nin sədri Vüqar Qədirov həyata keçirilən layihənin mahiyyətindən, ərazilərinin 20 faizi işğal altında qalan, 1 milyondan çox vətəndaşı qaçqın şəraitində yaşayan respublikamızda gənclərin üzərinə düşən məsuliyyət və vəzifələrdən danışmışdır.
Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən bir neçə dəfə çox olmasını təmin edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin: “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu olmayıb və ola da bilməz”- fikrini diqqətə çatdıran V.Qədirov gənclərin öz Prezidentlərini dəstəklədiklərini, hər an Ali Baş Komandanın əmrinə hazır olduqlarını bəyan etmişdir. Demişdir ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun göstərdiyi şəxsi şücaət ölkə gəncliyinin torpaqlarımızın işğalı ilə heç zaman barışmayacağını bəyan edən əsas amilə çevrilmişdir.
Ağdamlı gənclər çıxışlarında uşaq və yeniyetmələrin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsini torpaqlarımızın işğaldan azad edilməsində əsas vəzifələrdən biri olduğunu bildirmişlər.
Tədbirdə gənclərə maarifləndirici materiallar, Mübariz İbrahimova həsr olunmuş bukletlər paylanmışdır.
######
