Zərdabda şəhid valideynləri ilə görüş olub
Zərdab, 11 dekabr, AZƏRTAC
Zərdabda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan 8 nəfərin valideyni ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, rayon icra hakimiyyətinin təşəbbüsü ilə keçirilən görüşdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Sonra sentyabrın 27-dən başlanan və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə Böyük Qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən, bu qələbədə Silahlı Qüvvələrimizin sıralarında döyüşən, şəhidlik zirvəsinə ucalan, habelə qazi adını qazanan zərdablı hərbçilərin döyüş yollarından danışılıb. Böyük Qələbə münasibətilə keçirilən Zəfər paradından bəhs olunaraq vurğulanıb ki, Azərbaycan Silahlı Qüvvələrinin mübarizlik, yenilməzlik gücünün nümayişinə çevrilən bu parad hər kəsdə böyük qürur hissi yaradıb.
Şəhid ailələri adından çıxış edən Gəlmə kənd sakini, şəhid atası Qədir Hüsenov şəhidlərimizin qanının yerdə qalmadığını, 30 ildən bəri işğal altında olan torpaqlarımızın azad olunması kimi tarixi bir qələbənin qazanıldığını, bu qələbədə hər bir əsgərin Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirdiyini söyləyib.
Görüşdə şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, bu ailələrə maddi dəstək göstərilməsi qərara alınıb.