Zərdabda şəhid ailələri ziyarət olunub
Bakı, 13 iyul, AZƏRTAC
Qurban bayramı münasibətilə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev və Zərdab rayon prokuroru Zaur Əliyev 44 günlük Vətən müharibəsində canlarından keçmiş Zərdab rayon şəhidlərinin ailələrini ziyarət edib, onlara təbriklərini çatdırıblar.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, torpaqlarımızın yağı düşməndən qorunması və ərazi bütövlüyümüzün təmin olunması uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başladılan əks-hücum əməliyyatı nəticəsində 30 illik həsrətimizə son qoyulub, igid oğullarımızın şücaəti sayəsində ərazi bütövlüyümüz təmin olunub. Vətən uğrunda aparılan haqq mübarizəmizdə canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini əziz tutmaq hər birimizin borcudur.
Öz növbələrində şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Sonra şəhid ailələrinə bayram sovqatları çatdırılıb.