Zəlzələ bölgəsində monitorinqlər davam etdirilir
Zaqatala, 28 iyun (AZƏRTAC). Ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində fərdi evlərə, ictimai-kommunal binalara və sosial obyektlərə dəymiş ziyanın dəqiqləşdirilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) işçi qrupları tərəfindən fəlakət bölgəsində monitorinqlər davam etdirilir.
FHN-in operativ qərargahından AZƏRTAC-a bildirmişlər ki, iyunun 28-dək fəlakət bölgəsində 24107 fərdi evə və 1179 ictimai binaya baxış keçirilmişdir. Məlum olmuşdur ki, mayın 7-də və sonrakı günlərdə baş vermiş güclü yeraltı təkanlar nəticəsində Zaqatala, Qax və Balakən rayonlarında 3049 fərdi ev və 57 ictimai bina tam qəzalı vəziyyətə düşmüşdür. 4057 fərdi ev və 29 ictimai binada bərpa-gücləndirmə tədbirləri həyata keçirilməli, 7843 fərdi ev və 255 ictimai bina təmir olunmalıdır. Baxış keçirilmiş 9158 fərdi evin və 838 ictimai binanın vəziyyəti qənaətbəxş hesab edilmişdir.
Monitorinqlər zamanı bu rayonlarda 108 sosial obyektin də qəzalı vəziyyətə düşdüyü müəyyənləşdirilmişdir. Bundan əlavə, 112 obyektdə bərpa və gücləndirmə işləri aparılmalı, 169 sosial obyekt isə təmir olunmalıdır.
Hazırda zəlzələ bölgəsində qəzalı fərdi evlərin və məktəb binalarının sökülməsi sürətlə davam etdirilir. Eyni zamanda, yenilərinin tikintisi üçün hazırlıq işləri görülür, tikililərin özülü qazılır, bünövrə qoyulur.