Yol polisi paytaxtda reydlər keçirir
Bakı, 9 iyun (AZƏRTAC). Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov AZƏRTAC-a bildirmişdir ki, son zamanlar paytaxtda avtomobillərin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğular quraşdıraraq idarə edilməsi halları çoxaldığından bu istiqamətdə daha təsirli tədbirlərin keçirilməsi zərurəti yaranmışdır.
Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə və bölmə əməkdaşlarından ibarət işçi qrupları yaradılaraq paytaxtda nəzarəti gücləndirmək məqsədi ilə reydlərə başlanılmışdır. Reydlərdə pərdəli, plyonkalı idarə olunan avtomobillərin sürücülərinə qarşı inzibati protokol tərtib edilir. Eyni zamanda, tıxacların yaranmaması üçün avtomobillərin hərəkət intensivliyinin yüksəldilməsi, ləngimələrin qarşısının alınması məqsədi ilə dayanma, durma qaydalarını pozan sürücülərə qarşı təsirli tədbirlər görülür. Yəni təyin olunmayan yerlərdə, piyada səkilərində, yolların hərəkət hissəsində, ikinci cərgədə və kəsişmə nöqtəsinə yaxın məsafələrdə avtomobilləri saxlayan sürücülərə qarşı da tədbirlər görülür.
Bundan başqa dayanacaqdan kənarda, təyin olunmayan yerlərdə saxlayıb sərnişin düşürən, eyni zamanda, sərnişinlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olan sərnişindaşıyan avtobus sürücülərinə, taksi fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı da tədbirlər aparılır.
Vaqif Əsədov bildirmişdir ki, son üç gündə reydlər zamanı 120-dən çox sürücü məsuliyyətə cəlb olunaraq inzibati qaydada cərimələnmişdir.