YOL-NƏQLİYYAT HADİSƏLƏRİNDƏ ÜÇ NƏFƏR ÖLMÜŞDÜR
Bakı, 14 sentyabr (AZƏRTAC). Sabunçu dairəsi yaxınlığında Bakıxanov qəsəbəsinin sakini Ramin Həsənovun idarə etdiyi “Mercedes” markalı və Ramana sakini Vilayət Mehdiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşmuşdur.
Nəticədə “jiquli”nin xəsarət almış sürücüsü və sərnişin Biləsuvar rayon sakini Rəşad Orucəliyev xəstəxanaya yerləşdirilmişlər. V.Mehdiyev orada ölmüş, R.Orucəliyevə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Şamaxı rayonunda Bakı şəhər sakini Şahin Hümbətov idarə etdiyi “Mitsubishi” markalı avtomaşını aşırmışdır.
Qəzada avtomaşının sürücüsü hadisə yerində ölmüş, xəsarət almış sərnişin Gündüz Əliyev isə xəstəxanaya yerləşdirilmişdir.
Tovuz rayonunda Elnur Mehralıyevin idarə etdiyi “VAZ-2121” markalı və Elçin Quliyevə məxsus “VAZ-2106” markalı avtomaşınlar toqquşmuşdur. “jiquli”nin xəsarət almış sürücüsü və sərnişinlər - Dilşad Quliyeva, Dilarə Həsənova, Dilarə Tanrıverdiyeva və Güllüzar Quliyeva xəstəxanaya yerləşdirilmişlər.
Yevlax rayonunda Elgün Məmmədov idarə etdiyi “Cheri” markalı avtomaşınla Yevlax rayon sakini Rövşən Qurbanovu vurmuş, xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.