YOL-NƏQLİYYAT HADİSƏLƏRİ FACİƏ İLƏ BİTMİŞDİR
Bakı, 17 iyul (AZƏRTAC). Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisindəki Dərin Özüllər Zavodunun yaxınlığında Bakı şəhər sakini Emil Musayev idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarındakı dirəyə çırpmışdır. Avtomaşın aşaraq yanmış, sürücü və bir sərnişin hadisə yerində ölmüşlər.
Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində qəsəbə sakini Namiq Əliyev idarə etdiyi “VAZ-21099” markalı avtomobili maneəyə vurmuş, özü isə həlak olmuşdur.
İyulun 17-də saat 00.30 radələrində Salyan rayonu ərazisində rayon sakinləri Allahverdi Məlikovun idarə etdiyi “VAZ-21011” markalı və İsa Məlikova məxsus “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Qəza zamanı xəsarət almış hər iki avtomobilin sərnişinləri İftixar Əkbərov, oğlu İxtiyar, Zaur Əkbərov, Elnur Qədirov xəstəxanaya yerləşdirilmişlər. A.Məlikovun həyatını xilas etmək mümkün olmamışdır.
Biləsuvar rayonu ərazisində Cəlilabad rayon sakini İxtiyar Rüstəmov idarə etdiyi “UAZ” markalı avtomobillə rayon sakini Aynurə Kazımlını vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Kazımlı orada ölmüşdür.
İyulun 17-də saat 00.30 radələrində Qax rayonu ərazisində Əmircan kənd sakini İnnam Bayramov idarə etdiyi “VAZ-21011” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Xəsarət almış “Jiquli”nin sürücüsü və sərnişinləri- həyat yoldaşı Aysel və həmkəndlisi Məhəmməd Musayev xəstəxanaya yerləşdirilmişlər.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.