Yayda da sətəlcəm riski yarana bilər
Bakı, 8 iyul, AZƏRTAC
El arasında sətəlcəm kimi tanınan xəstəlik ağciyərlərin iltihablaşması nəticəsində əmələ gəlir. Ölümlə nəticələnə bilən sətəlcəmin yaranmasına müxtəlif bakteriya, virus və göbələklər səbəb olur. Bundan əlavə immunitetin zəif olması da əsas amillərdəndir.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Sübhan Haciyev deyib: “Yay aylarında da bakterial pnevmoniyalara çox rast gəlinir. Burada daha çox insanların özünü soyuğa verməsi, buz kimi soyuq suyun içilməsi, tərləyib soyumalar, isti məkanda tərləyəndən sonra qəflətən soyuq məkanlara, xüsusilə də kondisioner işlədiyi soyuq otaq və evlərə daxil olub 10 dəqiqədən artıq qalanda pnevmoniya, yəni ağciyərlərin iltihabı baş verir”. Sətəlcəm adətən yuxarı tənəffüs yollarında başlayır. Həkim-terapevt qeyd edib ki, onun müalicəsində zəncəfil, bal, limon, soğan və sarımsaq ən təsirli vasitələr hesab edilir. Müalicəsi adətən 10-14 gün çəkir, 1 yaşına qədər uşaqlarda və 65 yaşdan yuxarı olanlarda immun sisteminin zəifləməsi və pozulması nəticəsində daha da ağırlaşmış formada rast gəlinir”.
Soyuqdəymə əlamətləri - hərarət, tərləmə, halsızlıq, başgicəllənmə, döş qəfəsində ağrı müşahidə edilirsə və həmin hallar 48 saatdan çox davam edirsə, onda həkimə müraciət etməkdən çəkinmək lazım deyil.