“YAŞAT” düşərgəsinin üçüncü həftəsi başlayıb
Bakı, 26 iyul, AZƏRTAC
“YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən ikinci “YAŞAT” düşərgəsinin üçüncü həftəsi başlayıb. Bu həftə düşərgəyə Bakıdan və regionlardan 12-14 yaş kateqoriyasından olan 45 uşaq qatılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində iştirakçılara düşərgənin proqramı barədə məlumat verilib. Sonra uşaqlar oyun parkında əyləncəli vaxt keçiriblər.
Uşaqların fiziki hazırlığının artırılması məqsədilə Milli Olimpiya Komitəsinin “OCEP” layihəsi çərçivəsində maraqlı estafetlər keçirilib. Ardınca uşaqlar oyun parkında əyləniblər.
Düşərgə çərçivəsində mütəmadi olaraq təşkil olunan və uşaqlar tərəfindən böyük maraqla qarşılanan ustad dərsləri keçirilib. Düşərgə iştirakçıları bu dəfə dibçəkləri sevdikləri rənglərlə boyayaraq, dizayn ediblər.
Günə stolüstü idman oyunları ilə yekun vurulub.
Qeyd edək ki, düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radio, düşərgənin baş sponsorları “Qalaaltı Hotel & Spa”, “PMD Hospitality”, sponsorlar “Paşa Bank”, “Rabitə Bank”, “Bravo” marketlər şəbəkəsi, “NAR Mobile”dır.