XULİQANLAR SAXLANILMIŞLAR
Bakı, 11 iyul (AZƏRTAC). Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a daxil olmuş birgə məlumatda deyilir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində vətəndaş Adnan Hacızadənin bir qrup şəxslə Səbail rayonu ərazisində yerləşən “Lebonese” restoran-barında xuliqanlıq hərəkətləri törətməsi ilə əlaqədar onun və tanışı Emin Abdullayevin həbsinin siyasiləşdirilməsinə cəhdlər göstərilir.
Bununla əlaqədar bildirilir ki, 2009-cu il iyulun 9-da saat 18.00 radələrində içkili vəziyyətdə olan Adnan Hacızadə, habelə Emin Abdullayev və daha beş nəfər “Lebonese” restoran-barında ucadan nalayiq ifadələr işlətdiklərinə görə, onlara irad tutan vətəndaşlar Vüsal Məmmədov və Babək Hüseynova qarşı heç bir əsaslı səbəb olmadan fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol vermişlər.
Hadisə yerinə polis əməkdaşları gələnədək Adnan Hacızadə ilə bir yerdə olmuş şəxslərdən dördü qaçmışdır. Üç nəfər saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə gətirilmişdir. Müvafiq tibbi müayinələrlə Adnan Hacızadənin orta, Orxan Qafarovun yüngül dərəcəli sərxoş vəziyyətində olmaları, Emin Abdullayev, Vüsal Məmmədov və Babək Hüseynovun isə spirtli içki qəbul etmədikləri müəyyənləşdirilmişdir. Hadisə zamanı xəsarət almış Babək Hüseynova ilkin tibbi yardım göstərilmiş, Vüsal Məmmədov isə kəllə-beyin xəsarəti aldığından müalicə üçün stasionara yerləşdirilmişdir.
Fakt üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə cinayət işi açılmışdır. Adnan Hacızadə və Emin Abdullayev şübhəli şəxs qismində saxlanılmış və ilk andan vəkil Vaqif Məmmədov onların hüquqlarının müdafiəçisi qismində iştirak etmişdir. Sonradan rəsmi orderlə müraciət etmiş vəkillər İsaxan Aşurov və Elton Quliyev də adları çəkilən şəxslərin hüquqlarının müdafiəsinə qoşulmuşlar.
İstintaq zamanı Vüsal Məmmədov və Babək Hüseynov zərərçəkmiş şəxs qismində tanınıb dindirilmişlər. Hadisə yerində Adnan Hacızadə və Emin Abdullayev ilə eyni masada əyləşmiş Orxan Qafarovun şahid qismində ifadəsi alınmış, Pərviz, Ülvi, Nurəddin və Bəhram adlı şəxslərin tapılması üçün tədbirlər görülür.
Səbail Rayon Məhkəməsi tərəfindən 2009-cu il iyulun 10-da Adnan Hacızadə və Emin Abdullayev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.
İş üzrə istintaqın tam, hərtərəfli və obyektiv aparılması, habelə bir sıra qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçilərinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciət etmələri nəzərə alınaraq cinayət işinin istintaqı nəzarətdə saxlanılır.