XOCALININ İŞĞALINDAN 18 İL ÖTÜR
Bakı, 25 fevral (AZƏRTAC). Xocalı rayonunun işğalından 18 il ötür. Sahəsi 93 688 hektar olan Xocalı 1992-ci il 26 fevral tarixində erməni işğalçıları tərəfindən zəbt olunmuşdur. Ərazisində ehtiyatı 32 min kubmetr olan Ağçay və 2039 min kubmetr olan, istismara cəlb olunan Zərinbağ üzlük daşı yataqları, ehtiyatı 12 434 min ton olan, istismara cəlb olunan qırmadaş və əhəng istehsalına yararlı Şuşa əhəngdaşı yatağı, ehtiyatı 962 min kubmetr olan və kərpic istehsalına yararlı Xocalı gil yatağı, ehtiyatı 7280 min kubmetr olan Xankəndi (Əskəran qrupu) qum-çınqıl qarışığı yatağı, istismar ehtiyatı 9 min kubmetr/gün olan Xankəndi yeraltı şirin su yatağı mövcuddur.
Xocalı rayonunun Bədərə çayı hövzəsində “Yeddi kilsə” adlanan ərazidə, Xankəndi meşə təsərrüfatının tabeliyində olan Pirkal meşəliyində fıstıq-palıd meşələri xüsusi olaraq qorunurdu.
Xocalı rayonunun yeraltı su ehtiyatlarını öyrənmək məqsədi ilə 1982-1983-cü illərdə rayonun ərazisində hidrogeoloji tədqiqatlar aparılmış və 4 sahə üzrə yeraltı suların ehtiyatı ilkin olaraq 143,4 min kubmetr/gün həcmində qiymətləndirilmişdir. 1990-cı ildə Xankəndi şəhərinin su təchizatı ilə əlaqədar keçmiş SSRİ-nin Geologiya Komitəsində 48,3 min kubmetr/gün həcmində-Qarqarçayın məcrəaltı (39,3 min kubmetr/gün) və Yura çöküntülərinin (9 min kubmetr/gün) yeraltı su ehtiyatları təsdiq olunmuşdur.
Ermənilər tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri, özünün qeyri-adi flora və faunası ilə seçilən təbiət guşələri dağıdılmış və məhv edilmişdir.