XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Azərbaycanda seçkiqabağı vəziyyətə toxunan nazir, dövlətimizin başçısının “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” 2005-ci il 11 may tarixli Sərəncamının əhəmiyyətini vurğulayaraq demişdir ki, ölkədə azad və ədalətli seçkilər keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Bunun nəticəsidir ki, 2000 nəfərdən çox deputatlığa namizəd qeydiyyata alınmışdır. Təkcə bu fakt Azərbaycan vətəndaşlarının azad və ədalətli seçkilərə inamının bariz göstəricisidir.
Nazir E.Məmmədyarov qonağa Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu layihələrinin həyata keçirilməsi sahəsində görülən işlər barədə məlumat verərək, növbəti 5 ilin Azərbaycan üçün mühüm inkişaf dövrü olacağını vurğulamışdır. Nazir, həyata keçirilən islahatlar nəticəsində əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdığını, lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin uzanmasının ölkəmizin ümumi inkişafına mane olduğunu qonağın diqqətinə çatdırmışdır.
Təmsil etdiyi komissiyanın həmsədri senator Sem Braunbəkin səmimi salamlarını çatdıran cənab Şon Vu, Azərbaycanda qarşıdan gələn parlament seçkilərinə ölkəsində böyük maraq göstərildiyini və hadisələrin diqqətlə izlənildiyini söyləmişdir. O, seçkilərin ədalətli keçirilməsində xarici qüvvələrin təsirinin deyil, məhz xalqın iradəsinin və inamının əsas amil olduğunu vurğulamışdır.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin də müzakirə edildiyi görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş Azərbaycanın demokratiya yolunda diqqətçəkən uğurlar əldə etdiyini bildirmişdir.