Viktorinada 8 komanda iştirak etmişdir
Şərur, 26 aprel (AZƏRTAC). Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi ümummilli liderimizin anadan olmasının 88-ci ildönümü və müstəqilliyimizin 20 illiyinə həsr olunmuş viktorina keçirmişdir.
Birliyin sədri Ramin Şükürov demişdir ki, əsasını ulu öndər Heydər Əliyevin qoymuş olduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə gənclərə göstərilən hərtərəfli qayğı onların siyasi mövqelərinin düzgün formalaşmasında mühüm rol oynayır. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda dövlət gənclər siyasəti uğurla həyata keçirilir, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, hüquqlarının qorunması, sosial problemlərinin həlli istiqamətində mühüm işlər görülür. Müstəqilliyimizin 20 ili ərzində həyatımızın bütün sahələrində böyük nailiyyətlər qazanılmışdır. Muxtar respublikada gənclər üçün idman kompleksləri, məktəblər tikilib istifadəyə verilmişdir. Azərbaycan dövlətinin qazandığı bütün uğurlar ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində məhz müstəqilliyimizin qorunub saxlanmasının nəticəsidir.
Viktorinada rayon ümumtəhsil məktəblərindən 8 komanda iştirak etmişdir. Yengicə məktəbinin komandası birinci, Qarxun məktəbinin komandası ikinci, Şərur şəhər 2 saylı məktəbin komandası isə üçüncü yeri tutmuşdur.
Sonda qaliblərə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının fəxri fərmanları təqdim olunmuşdur.