Veteranlarla görüş
Bakı, 12 iyun (AZƏRTAC). Rusiyanın Azərbaycandakı səfirliyi və “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi Böyük Vətən Müharibəsi və əmək veteranları üçün Mərdəkanda yerləşən xəstəxanaya hərbi vətənpərvərlik mövzusunda rus dilində bədii ədəbiyyat və müharibə haqqında Rusiyada çəkilmiş filmlərin disklərini hədiyyə etmişlər.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Rusiya Günü və Böyük Vətən Müharibəsinin başlanmasının növbəti ildönümü ilə əlaqədar keçirilən tədbirdə RİMM-in əməkdaşları, Azərbaycan Veteranlar Şurasının nümayəndələri, xəstəxananın rəhbərliyi, müharibə və əmək veteranları, ictimaiyyətin təmsilçiləri iştirak etmişlər.
“Rossotrudniçestvo”nun Azərbaycan nümayəndəliyinin rəhbəri Ənvər Şeyxov bildirmişdir ki, bu il Böyük Vətən Müharibəsinin gedişi ilə bağlı bir neçə əlamətdar tarix qeyd olunacaqdır. Onların arasında Moskva ətrafında döyüşlərin və Qafqaz uğrunda vuruşmaların 70 illiyi də vardır. O ümidvar olduğunu bildirmişdir ki, kitablar və filmlər veteranların asudə vaxtını maraqlı keçirməsinə kömək edəcək və gələcəkdə bu cür tədbirlər mütəmadi təşkil olunacaqdır.
Bir alayda qulluq etmiş veteranlar bölməsinin sədri Rasim Mahmudov tədbir iştirakçılarını salamlayaraq Azərbaycanın faşizm üzərində qələbəyə əsaslı töhfə verməsindən danışmışdır. O vurğulamışdır ki, Böyük Vətən Müharibəsinin cəbhələrində 600 mindən çox azərbaycanlı həlak olmuşdur.
Böyük Vətən Müharibəsi veteranı, hərbi jurnalist, istefada olan birinci dərəcəli kapitan Aleksandr Qritçenko cəbhə xatirələrini bölüşmüş, dövlətin müharibə iştirakçılarına qayğısından danışaraq, xəstəxananın veteranlara peşəkar qulluq göstərən heyətinə təşəkkürünü bildirmişdir. O, respublikanın qəhrəman oğul və qızlarının müharibə illərində göstərdikləri şücaətdən söhbət açmışdır. Bu igidliklər onun müharibə qəhrəmanlarından bəhs edən kitab və broşürlərində vəsf edilmişdir. Veteran yeni “Döyüşdən sonra” (“Posle boya”) kitabının nüsxələrini tədbir iştirakçılarına paylamışdır.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri və paytaxtın musiqi məktəblərinin şagirdləri veteranlar qarşısında çıxış etmişlər.