Veteranlar böyük qüvvədir
Naxçıvan, 15 fevral (AZƏRTAC). Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının konfransı keçirilmişdir.
Təşkilatın sədri Hafiz Yaqubov demişdir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Vətən müharibəsi veteranları və şəhid ailələrinə dövlət qayğısı prioritet məsələdir. Bu qəbildən olan insanların sosial-məişət, sağlamlıq məsələlərinin həlli istiqamətində kompleks tədbirlər həyata keçirilir. Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatı ötən 5 il ərzində öz sıralarını sağlam düşüncəli, vətənpərvər və dövlətçiliyimizə sədaqətli üzvlər hesabına daha da genişləndirmişdir. Hazırda təşkilatda 4 mindən artıq müharibə veteranı və şəhid ailəsi birləşir.
Bildirilmişdir ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını qismən itirən müharibə veteranları və şəhid ailələri Naxçıvanda da hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Belə ki, müharibə veteranlarının minik avtomobilləri ilə təminatı istiqamətində işlər davam etdirilmiş, bu günə qədər onlara 252 “OKA”, “Tavriya”, “Slavuta” markalı avtomobil verilmişdir. Təkcə 2010-cu ildə təşkilatın 238 üzvü Naxçıvan şəhərində fəaliyyət göstərən Əlillərin Bərpa Mərkəzində, 72 nəfər müxtəlif sanatoriyalarda, 45 nəfər müharibə əlili pansionatlarda, 7 nəfər sağlamlığını qismən itirmiş əlil vətəndaşımız Ukrayna Respublikasında müalicə almış, müharibə əlillərinə 55 avtomobil təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin məsləhətçisi Ramazan Abbasov bildirmişdir ki, son 15 il ərzində muxtar respublikamızda ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olmuş şəxslərə yüksək səviyyədə qayğı göstərilmiş, 177 müharibə əlili və şəhid ailəsi hər cür kommunal şəraitə malik mənzil və fərdi evlərlə təmin edilmişdir. Bundan sonra da bu qəbildən olan insanların sosial problemlərinin həlli istiqamətində işlər davam etdiriləcəkdir. Təşkilatın hər bir üzvü gənc nəslin nümayəndələri arasında vətənpərvərlik təbliğatını gücləndirməli, ictimai işlərdə və kütləvi tədbirlərdə fəal iştirak etməli, cəmiyyətdə gedən proseslərə biganə qalmamalıdır.
Çıxışlardan sonra nəzarət-təftiş komissiyasının hesabatı dinlənilmiş, təşkilatın yeni tərkibdə idarə heyəti seçilmiş, açıq səsvermə əsasında Mirməcid Seyidov Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri seçilmişdir.