Taleyi 20 rəqəmi ilə bağlı olan şəhid
Bakı, 20 oktyabr, AZƏRTAC
Vətən müharibəsi dövründə Adillə sonuncu dəfə oktyabrın 4-də danışdıq. Həmin gün Cəbrayılın işğaldan azad edildiyi gün idi. Sevinci səsindən hiss olunurdu. Dedi bu, hələ başlanğıcdır. Axıra kimi gedəcəyik. Məndən də narahat olmayın, hər şey yaxşıdır. Qalib əsgər kimi geri dönəcəyəm. Adil hər zamankı kimi vədinə xilaf çıxmadı. Geriyə Zəfərlə, lakin üçrəngli bayrağa bükülərək döndü…
Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi şəhidi Adil Rzayevin anası Məhbubə Hüseynova deyib.
Məhbubə xanım AZƏRTAC-ın müxbiri ilə söhbətinə belə davam edib: “Adil ailədə beş uşaqdan ən kiçiyi idi. Sonbeşik olduğundan hər kəsin diqqəti, sevgisi üzərində olsa da, o, bundan istifadə etməz, ərköyünlüyə əl atmazdı. Əksinə elə bir xarakterə sahib idi ki, ən ağır yükü çəkəcək qədər gücü vardı. Çox vətənpərvər idi. Ölkəmizin tarixi, ermənilərin başımıza gətirdiyi faciələr haqqında məlumatlar tapıb oxuyardı. Hər zaman deyirdi ki, qisasımız qiyamətə qalmamalıdır.
O, çox sevdiyi idman növü olan güləşlə məşğul idi, bu sahədə nailiyyətlər də əldə etmişdi. Güləşçilərimizin düşmən idmançılarının kürəyini yerə vurması kadrlarına dəfələrlə baxıb qürurlanırdı. Deyirdi “kaş mənim də belə imkanım ola idi”. O imkanı 2020-ci ilin payızında əldə etdi. Adil elə bil Zəfərə imza atdı ki, mükafatı behiştin ən gözəl guşəsi oldu.
Adil nəinki insanları, heyvanları belə incitməyə qıymazdı. Göyərçin saxlamağı çox xoşlayırdı. Onun bəslədiyi göyərçinləri qoruyub saxlayıram. Onların üzərində Adilimin əl izləri var”.
Hərbi xidməti də layiqincə yerinə yetirmiş Adilin ən böyük arzularından biri düşmənlə üzbəüz döyüşmək olub. Həmin arzusuna çatacağına o qədər inanırmış ki... Diləyi çin oldu, özü isə tarix yazan qəhrəmanlardan biri...
Minlərlə gənc kimi Adilin də Vətən müharibəsində iştirakının bünövrəsi məhz Tovuz hadisələri zamanı qoyulub. Belə ki, Tovuz hadisələrindən sonra Adil də ön cəbhəyə yollanmağa can atanlardan biri olub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qobustan Rayon Bölməsinə müraciət etməsindən bir müddət sonra təlimlərə çağırılıb. Ailəsi də son dəfə onu məhz təlimə getdiyi gün - sentyabrın 21-də görüb. Vətən müharibəsi başlanan gün - sentyabrın 27-də o, Ağcabədi rayonuna, oradan isə Füzuli rayonuna göndərilib. Adilin Vətən müharibəsində döyüş yolu Füzuli rayonundan başlayıb. Bundan əlavə, Adil Cəbrayıl və Xocavənd rayonları istiqamətində aparılan hərbi əməliyyatlarda da iştirak edib. Onun döyüş yolunun son dayanacağı Xocavənd rayonu olub. Belə ki, o, oktyabrın 20-də Xocavənd rayonu uğrunda gedən qızğın döyüşlər zamanı şəhadətə yüksəlib.
Məhbubə xanım deyir ki, Adildən sonra 20 rəqəmi onun üçün xüsusi məna ifadə edir: “Adil avqustun 20-də dünyaya gəldi, oktyabrın 20-də isə şəhid oldu. Oktyabrın 20-si 2020-ci il… Övladımın taleyi 20 rəqəmi ilə bağlı oldu. Adil o rəqəmi mənim üçün xüsusi etdi, ona bir məna yüklədi. Evimizin sonbeşiyini itirmək hər birimiz üçün çox ağır oldu. Yaşca hamımızdan kiçik olsa da, gördüyü işlər ölçüyəgəlməz dərəcədə böyükdür. Döyüş yoldaşlarının övladım haqqında dedikləri onu göstərdi ki, Adil üzərində olan haqqımızı artıqlaması ilə ödədi. İndi isə biz Adilə borcluyuq. Ona olan borcumuzu çətin ki ödəyə bilək”.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi Adil Rzayev “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.