TALASSEMİYA MƏRKƏZİ İLƏ TANIŞLIQ
Bakı, 24 sentyabr (AZƏRTAC). Çexiya Parlamenti Senatı sədrinin xanımı Radmila Sobotka sentyabrın 24-də Talassemiya Mərkəzində olmuşdur.
Müalicə ocağı barədə qonağa məlumat verən baş həkim Azər Kərimov bildirilmişdir ki, Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa olunan mərkəz həmin xəstəliyə düçar olanlar və onların yaxınları üçün ümid yeridir. Burada gün ərzində 40-50 xəstə qəbul edilir. Mərkəzdə xəstəliyin aşkar edilməsi üçün xüsusi poliklinika da fəaliyyət göstərir. Buradakı laboratoriyada qan qrupunu avtomatik təyin edən aparat və digər lazımi avadanlıq quraşdırılmışdır, donorlardan götürülən qan dərhal müayinə olunur.
Qeyd olunmuşdur ki, hazırda ölkəmizdə min nəfərə yaxın talassemiyalı xəstə vardır və onlardan 700 nəfərə yaxını daimi nəzarət altındadır. Beynəlxalq standartlara tam cavab verən mərkəzin üç regional şöbəsi də fəaliyyət göstərir.
Xanım Radmila Sobotka mərkəzin 2-ci mərtəbəsində yerləşən transfuziya zalı və 12 otaqdan ibarət klinika, manipulyasiya, ümumi laboratoriya, şüa diaqnostikası otaqlarına baxmışdır. Qonaq transfuziya zalında müalicə alan uşaq və onun valideyni ilə görüşmüş, xəstənin vəziyyəti ilə maraqlanmışdır.
Çexiya Parlamenti Senatı sədrinin xanımı mərkəzin reanimasiya palatasına, manipulyasiya və transplantasiya otaqlarına da baxmışdır. Qonağa məlumat verilmişdir ki, burada sümük iliyinin köçürülməsi üçün əməliyyat otağı fəaliyyət göstərir. Xəstələr xüsusi qapalı şəraitdə 100 gün ərzində müalicə alırlar.
Xanım Radmila Sobotka vurğulamışdır ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə rast gəlinməyən mərkəzin Azərbaycanda fəaliyyət göstərməsi doğrudan da xoş bir haldır.
Qonaq ölkəmizdə irsi qan xəstəliyinin müalicəsi məqsədi ilə yaradılan Talassemiya Mərkəzinin fəaliyyətindən məmnun qaldığını bildirmişdir.