SUMQAYITIN YENİ YAŞIL LİBASI
Sumqayıt, 9 iyun (AZƏRTAC). Ölkə Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş “Ekologiya İli” çərçivəsində Sumqayıtda yaşıllıqların sahəsinin genişləndirilməsi üzrə fəal iş aparılır. Şəhərin park və xiyabanlarında müntəzəm aqrotexniki tədbirlər keçirilir. Burada çoxlu ağac və dekorativ kol tingləri əkilmiş, qazonların sahəsi artırılmışdır.
Təkcə may ayında 5350 kvadratmetr sahədə qazon salınmış, gül-çiçək ləkləri təzələnmiş, 30 mindən çox birillik çiçək əkilmişdir. Şəhər ixtisaslaşdırılmış tikinti və yaşıllaşdırma idarəsindən verilən məlumata görə, Sumqayıtın prospekt və küçələrinin yaşıl libası nəzərəçarpacaq dərəcədə təzələnmişdir.
Şəhərin yaşıllaşdırılması üçün təşkil edilən çoxsaylı aksiyalarda əmək kollektivlərinin işçiləri ilə yanaşı, məktəblilər də fəal iştirak edirlər. Təkcə son 7 ildə Sumqayıtda 16 hektar ərazidə salınmış 14 park və 10 xiyaban şəhər sakinlərinin sevimli istirahət yerinə çevrilmişdir.
Məlumdur ki, əhalinin hər nəfərinə düşən yaşıllıqların sıxlığı göstəricisinə (26,5 kvadratmetr) görə Sumqayıt ölkəmizin regionları arasında birinci yeri tutur. Sumqayıt icra hakimiyyətində bildirmişlər ki, şəhər rəhbərliyi bu göstəricini 2 dəfə artıraraq, adambaşı 50 kvadratmetrə çatdırmaq niyyətindədir.