SUMQAYITDA SİLAHLI BASQIN HADİSƏSİ BAŞ VERMİŞDİR
Sumqayıt, 20 fevral (AZƏRTAC). Fevralın 20-də səhər Sumqayıtda silahlı basqın olmuşdur. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları cinayətkarın şəxsiyyətinin müəyyənləşdirilməsi, onun saxlanılması və məsuliyyətə cəlb edilməsi üzrə kompleks tədbirlər görürlər.
Şəhər polis idarəsinin növbətçi hissəsinin rəisi mayor Rəsul Məmmədov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, səhər 7.45 dəqiqədə Sumqayıtın 1-ci mikrorayonda yerləşən 17/31 nömrəli yaşayış binasının girişində güllə səsi eşidilmişdir. Məlum olmuşdur ki, tapançanın lüləsi işə tələsən 1985-ci il təvəllüdlü Vüqar Balayevə və onun atası 1957-ci ildə anadan olmuş İsmayıla yönəldilmişdir. Qatil gənc oğlanı ürəyinə açdığı atəşlə öldürmüşdür. Ona müqavimət göstərən ata isə döş qəfəsi və çiynindən ağır bıçaq yaraları almışdır. Yaralı şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılmışdır. Baş həkim Vaqif Qəhrəmanovun sözlərinə görə, İsmayıl kişinin vəziyyəti hazırda orta ağır dərəcədədir. O, dərin sarsıntı vəziyyətindədir. Müstəntiqlər hələlik İsmayıl Balayevi dindirə bilməmişlər.
Sumqayıt Prokurorluğunda faktla əlaqədar “qəsdən adamöldürmə” və “silah gəzdirmə və ağır xəsarət yetirmə” maddələri üzrə cinayət işi açılmışdır. Qətl hadisəsinin səbəbləri hələlik məlum deyildir. Bir neçə ehtimal nəzərdən keçirilir. Şahidlər dindirilir. İlkin məlumatlara görə, xəsarət alanlarda pul olmuşdur. Lakin onlara basqın edənin həmin vəsaiti ələ keçirə bilməsi hələlik müəyyən edilməmişdir. Qeyd edək ki, əlbəyaxa vuruşmada odlu silah caninin əlindən düşmüş və elə hadisə yerində qalmışdır.
Müəyyən edilmişdir ki, silahlı basqına məruz qalan Balayevlər 2-ci mikrorayonda, Sülh və Nərimanov küçələrinin tinində yerləşən valyutadəyişmə məntəqəsində işləyirlər.