Sumqayıtda Polis Günü qeyd edilmişdir
Sumqayıt, 2 iyul (AZƏRTAC). Sumqayıt polis əməkdaşları üçün peşə bayramı - Polis İşçisi Günü şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə ona ucaldılmış abidənin ziyarətindən başlanmışdır. Mərasim iştirakçıları abidənin önünə tər çiçəklər qoymuş, adı müasir Azərbaycanın tərəqqisi ilə ayrılmaz surətdə bağlı olan ulu öndərin nurlu xatirəsini birdəqiqəlik sükutla yad etmişlər.
Sumqayıt Polis İdarəsinin inzibati binasının akt salonunda daxili işlər orqanları işçilərinin peşə bayramına həsr edilmiş təntənəli yığıncaq olmuşdur. Tədbirdə Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, şəhər hüquq mühafizə orqanlarının rəhbərləri və polis veteranları iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir. Tədbir iştirakçıları şəhid polis əməkdaşlarının, eləcə də onların öz xidməti borclarını yerinə yetirərkən həlak olmuş həmkarlarının xatirəsini birdəqiqəlik sükutla yad etmişlər.
Şəhər polis idarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov tədbiri açaraq respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbrik məktubunu oxumuşdur.
İdarə rəisinin məruzəsində milli polisin yaranma tarixi və onun keçdiyi şərəfli yol barədə məlumat verilmişdir. Məruzəçi Azərbaycan polisinin uğurlarından bəhs edərək Sumqayıtda cinayətlərin açılma səviyyəsinin bütün göstəricilər üzrə pozitiv dinamikasına dəlalət edən rəqəmlər göstərmişdir. Məruzədə qeyd edilmişdir ki, polisin maddi-texniki bazasının möhkəmlənməsi, polis əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşması, eləcə də bir sıra polis işçilərinin bayram ərəfəsində yüksək dövlət mükafatları ilə təltif edilməsi dövlətimizin başçısı İlham Əliyevin bu sahəyə daim diqqət yetirməsinə parlaq sübutdur.
Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sumqayıt polisinin şəxsi heyətini peşə bayramı münasibətilə təbrik edərək demişdir: “Asayişin tənzimlənməsi üzrə struktura hər bir cəmiyyətdə ehtiyac vardır. Cəmiyyət qanunvericilik normalarına güvənərək inkişaf edir. Buna görə də polisin rolu həmişə aktualdır. Milli polisin yaradıldığı gündən keçən 93 il ərzində çox şey dəyişmişdir, formasiyalar və adlar da dəyişmişdir, lakin dövlətin əsas dayaqlarından biri kimi polisin rolu dəyişməz qalır”.
Eldar Əzizov şəhərdə sabitliyin qorunub saxlanmasında, sakinlərin əməyi və istirahəti üçün rahat şərait yaradılmasında polisin rolundan söhbət açaraq dövlət başçısı İlham Əliyevin tapşırığı ilə Sumqayıtın abadlaşdırılması üzrə görülən işlər haqqında ətraflı məlumat vermişdir.
Böyük Vətən müharibəsi və polis veteranı, bir sıra orden və medallarla təltif edilmiş Bəbir Sadıqov, Sumqayıt Apelyasiya Məhkəməsinin sədri İkram Kərimov, şəhər prokuroru, böyük ədliyyə müşaviri Dağlar Zeynalov və şəhər mühafizə idarəsinin rəisi Akif Alışanov polis işçilərinin gərgin əməyinə görə onlara təşəkkür etmiş, bayram münasibətilə xoş arzularını bildirmişlər. Onlar müstəqil, suveren Azərbaycanın milli polisinin təşəkkülündə və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini vurğulayaraq ümid etdiklərini bildirmişlər ki, bu cəsur peşə sahibləri həmişə dövlətimizə və xalqımıza sadiq olacaqlar.
Şəhər polis idarəsinin xüsusilə fərqlənmiş əməkdaşlarına Sumqayıt İcra Hakimiyyəti adından qiymətli hədiyyələr təqdim edilmişdir. Bir sıra əməkdaşların rütbəsi artırılmış, onlara mükafat verilmişdir. Veteranlar da yaddan çıxmamışdır, onlara pul mükafatları təqdim edilmişdir.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin Sərəncamı ilə Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov “İgidliyə görə” medalına layiq görülmüş, respublika daxili işlər nazirinin əmri ilə Sumqayıt polisinin beş əməkdaşına növbəti rütbə və pul mükafatı verilmişdir.