SUMQAYITDA OĞUL ATASINI QƏTLƏ YETİRMİŞDİR
Bakı, 17 sentyabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhərində qətl hadisəsi baş vermişdir.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun internet səhifəsində yerləşdirilmiş məlumatda bildirilir ki, sentyabrın 16-da saat 23:45-də Sumqayıt şəhərinin Köhnə Corat qəsəbəsinin sakini, 1959-cu il təvəllüdlü Hacıyev Rasim Şahmar oğlu kəsici-deşici alətlə yetirilmiş xəsarətlərlə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilmiş və orada ölmüşdür. Bu barədə Sumqayıt Şəhər Polis İdarəsindən daxil olmuş məlumat əsasında şəhər prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Faktla bağlı şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.
Aparılmış ilkin araşdırma zamanı müəyyən edilmişdir ki, sentyabrın 16-da saat 23:00 radələrində Elxan Hacıyev atası ilə birlikdə sonuncuya məxsus olan “VAZ-2107” markalı avtomaşınla sərxoş vəziyyətdə evə qayıdarkən avtomaşını küçədə saxladığı üçün qonşuları Emil və Ramin Məmmədov qardaşları ilə mübahisə etmişlər. Mübahisə zamanı Elxan Hacıyev avtomaşından götürdüyü bıçaqla Ramin Məmmədovun sol qol nahiyəsinə xəsarət yetirmiş, bu zaman Rasim Hacıyev oğlunu sakitləşdirmək istəyərkən sonuncu atasının da sağ bud nahiyəsinə bir xəsarət yetirmişdir. Xəsarət güclü qanaxma ilə müşayiət olunduğundan Elxan Hacıyev atasını şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparmış, lakin həkimlərin göstərdikləri səyə baxmayaraq Rasim Hacıyevin həyatını xilas etmək mümkün olmamışdır.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Elxan Hacıyev sentyabrın 17-də saat 3:00 radələrində şübhəli şəxs qismində tutularaq istintaqa təqdim edilmişdir.
Hazırda iş üzrə istintaq şəhər prokurorluğunda davam etdirilir.