Sumqayıtda Gənc Ailə günü qeyd edilmişdir
Sumqayıt, 23 oktyabr (AZƏRTAC). Sumqayıtda hər il gənc ailə quranların şərəfinə “Sülh göyərçini” meydanında bayram şənliyi təşkil edilir. Bu dəfə şəhər bayramı yeni formatda keçirilmiş, Sumqayıt şəhər İcra hakimiyyətinin dəstək verdiyi tədbirin iştirakçıları “Dədə Qorqud” şadlıq sarayına dəvət olunmuşlar. Tədbirin qəhrəmanları bayram ərəfəsində nikah bağlamış 12 cütlük olmuşdur.
Bayram tədbirinin başlanğıcında gənc ailələrin yarandığı ilk gündə, onların toyunda çəkilmiş videolardan parçalar nümayiş etdirilmişdir.
Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev gəncləri ailə qurmaları münasibətilə təbrik edərək demişdir: “Ənənəvi keçirilən Gənc Ailə günü şəhərimizin tarixində layiqli yerini tutmuşdur. Gənc Ailə gününü təsis edərkən biz ictimaiyyətin diqqətini ailə institutunun nüfuzunun möhkəmləndirilməsi, gənc ailələrin problemləri, gənclərdə ailəyə hörmət və məsuliyyət hissinin artırılması məsələlərinə yönəltməyə çalışmışıq. Ailə cəmiyyətin əsasını təşkil edən ən böyük dəyərdir. Ailə nə qədər möhkəm olarsa, cəmiyyət də bir o qədər möhkəmlənəcək”.
Vaqif Əliyev bildirmişdir ki, Azərbaycanda ailə institutu möhkəm köklərə və ənənələrə malikdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyəti, onun ailəsi gənc nəsil üçün örnəkdir. Bugünkü gənc nəsil xalqımızın milli mənəvi ənənələrinə riayət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ailəsindən nümunə götürə bilər.
Sonra Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev bayramdan xatirə olaraq hər gənc ailəyə qiymətli hədiyyələr təqdim etmişdir.
Ömürlərinin 60 ilini bir ailədə mehribanlıqla yaşamış İmamverdi və Gülbahar Vəliyevlər ailə səadətinin sirlərini gənclərlə bölüşmüşlər. Böyük inşaatçılar nəsli yetirmiş bu ailə cütlüyünün əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. İmamverdi Prezident təqaüdü alır, onun həyat yoldaşı Gülbahar xanım isə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Bayramla əlaqədar keçirilən konsertdə Hüseyn Ərəblinski adına Dövlət Musiqili Dram Teatrının aktyorları və musiqiçilər çıxış etmişlər. Azərbaycanın Xalq Artisti Valeh Kərimovun və gənc aktyorların iştirakı ilə səhnəciklər göstərilmiş, mahnılar, şeirlər səslənmişdir.
Gənc ailələrin üzvləri çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirmiş və əminlik ifadə etmişlər ki, belə tədbirlər Azərbaycan ailə institutunun təbliğinə və möhkəm ailələrin yaradılmasına xidmət edəcəkdir.