Sumqayıtda ahıllar bayramı
Sumqayıt, 1 oktyabr (AZƏRTAC). Oktyabrın 1-də bütün dünyada ahıllara ehtiram hissi bildirilir. Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilmiş bu bayram 1993-cü ildən etibarən Azərbaycanda da qeyd edilir.
Bu münasibətlə oktyabrın 1-də Sumqayıtda şəhər icra hakimiyyətinin təşəbbüsü ilə tədbir keçirilmişdir. Sumqayıt İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev “Kövsər” restoranında təşkil edilmiş xeyriyyə naharına gələnləri -əmək veteranlarını, pensiyaçıları səmimi salamlamışdır. O qeyd etmişdir ki, yaşlılara hörmət və ehtiram bizim xalqın səciyyəvi xüsusiyyətdir. Əslində Ümumdünya Ahıllar gününün bayram kimi qeyd edilməsi ideyası xalqımızın mentalitetinə, onun ruhuna uyğundur. Azərbaycanda ahıl insanlara xüsusi diqqət, qayğı, həssas və xeyirxah münasibət bildirilir.
Daha sonra qeyd edilmişdir ki, Sumqayıtın ahıl sakinləri şərəfli ömür sürmüş, bu şəhərin bioqrafiyasına şanlı səhifələr yazmışlar. A.Quliyev böyüməkdə olan nəslin tərbiyəsinə qiymətli töhfələr vermiş, yorulmadan çalışaraq ölkənin elmi, mədəni və iqtisadi potensialını artırmış yaşlı nəslin nümayəndələrinə dövlətimizin münasibətini xüsusi vurğulamışdır. O qeyd etmişdir ki, bu insanların çoxu yüksək dövlət mükafatlarına, Prezident təqaüdünə layiq görülmüşdür.
Xeyriyyə naharında respublikanın ictimai təşkilatlarının rəhbərləri, əmək veteranları, pensiyaçılar çıxış etmiş, dövlətimizin başçısı İlham Əliyevə təşəkkürlərini bildirmişlər. Onlar Azərbaycan xalqının ümummilli lideri ölkəmizdə dünyəvi, demokratik dövlət quruculuğunun möhkəm təməlini qoymuş Heydər Əliyevin xatirəsini xoş sözlərlə yad etmişlər.
Həmin gün şəhərin ahıllarının sərəncamına verilmiş “Kövsər” restoranında çox səmimi ab-hava duyulurdu. Bədii özfəaliyyət kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Elə həmin gün respublika Qırmızı Aypara Cəmiyyətinin şəhər şöbəsinin volonterləri ahıllara 80 ədəd ərzaq paketi təqdim etmişlər.