Sumqayıt uşaqları bayram edirlər
Sumqayıt, 1 iyun (AZƏRTAC). Bu gün Hüseyn Ərəblinski adına Dövlət Musiqili Dram Teatrının səhnəsi uşaqların ixtiyarına verilmişdir. 1975-ci ildə Cenevrədə Ümumdünya konfransında təsis edilmiş Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə burada bayram tədbiri keçirilmişdir. Sumqayıtın məktəbəqədər müəssisələrinin yetirmələri maraqlı şouya sahiblik etmişlər.
Tədbir iştirakçıları nağılların və bədii əsərlərin əsrarəngiz dünyasına əyləncəli səyahət etmişlər. Şən nəğmələr, coşqun rəqslər, uşaqların ustalığı və artistizmi tamaşaçıların ürəyini fəth etmişdir.
Teatrın foyesində uşaqların əl işlərindən, ikebana və çiçəklərdən ibarət sərgi böyük maraqla qarşılanmışdır.
Bayram tədbiri Nəsimi adına mədəniyyət və istirahət parkında, “Sülh göyərçini” abidəsinin qarşısında davam etmişdir. Axşam nağıl qəhrəmanlarının paradı və uşaqların konserti olacaqdır.
Fiziki və əqli inkişafdan qalmış uşaqlar üçün Sumqayıt ixtisaslaşdırılmış internat məktəbində Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir maraqlı və yaddaqalan olmuşdur. Respublika Qızıl Aypara Cəmiyyəti internatda təhsil alan uşaqlar üçün əsl bayram təşkil etmişdir. Uşaqlar maraqlı konsert proqramı ilə çıxış etmiş, oyun və viktorinalarda iştirak etmişlər. Sonda şənliyin hər bir iştirakçısına hədiyyələr təqdim edilmişdir.