STRADİVARİNİN SİRRİ NƏDƏ İDİ?
Dünyada ən yaxşı səsi olan skripkaların sirri heç də İtaliyanın Kremona meşələrinin (Lombardiya vilayəti) bitdiyi iqlim şəraitində deyildir. Çox güman ki, söhbət simli alətlərin hazırlanması sahəsində dünyanın paytaxtı sayılan vilayətdə ağacın ancaq kimyəvi üsulla emal edilməsindən gedir.
AZƏRTAC İtaliyanın “Repubblika” qəzetinə istinadla xəbər verir ki, bunu dəqiqləşdirmək üçün ABŞ-ın Texas Universitetinin biokimyaçısı Yozef Nagivari kamanla çalınan beş musiqi alətini, o cümlədən Stradivarinin iki və Qvarnerinin bir skripkasını sınaqdan çıxarmışdır. Alim maqnit-rezonans tədqiqatları və infraqırmızı şüalanmada spektoqrafiya əməliyyatı aparmışdır. Bu tədqiqatlar sayəsində materialların tərkibini, demək olar, molekullar səviyyəsində müəyyənləşdirmək mümkündür. Ağac lifinin vəziyyəti - quruluşu, bərkliyi, saxlanılma dərəcəsi aydınlaşır. Yüksək texnoloji qurğunun “nəzər”indən heç nə yayına bilməz. Kremona meşəsinin ağacından düzəldilmiş skripkalarda ən yeni texnologiyaların köməyi ilə kənar bir maddə - kimyəvi element aşkarlanmışdır. Demə, ağacdan musiqi alətləri hazırlamazdan əvvəl onu bu maddə vasitəsilə emal edirlərmiş.
Qvarneri və Stradivari kimyagərlik biliklərinə malik simli alət ustaları deyildilər. Nagivarinin ehtimalına görə, çox güman, onlar ağacı göbələkcikdən və ağacovan böcəkdən qorumaq üçün duzlu su məhlulunda qaynadırlarmış. Məhlulun dəqiq resepti açılmasa da, istisna deyil ki, musiqi ilə maraqlanın texaslı biokimyaçının bu barədə müəyyən ideyaları var. O, elmi analizləri başa çatdırdıqdan sonra skripka düzəldərək, onu duzlu məhlulda yumuşdur. Akustik testin nəticələri Kremona alətləri testlərinin nəticələri ilə müqayisə edilə bilər.
Simli alətlərin tarixi üzrə ekspert, özü də belə alətlər hazırlamaqla məşğul olan Karlo Kyeza deyir: “Həqiqi problem ondadır ki, skripkanın keyfiyyətini obyektiv üsulla qiymətləndirmək mümkün deyildir. Elə Stradivarinin özü də gözəl səslənən alətlər də, pis səslənən alətlər də yaradırdı. O, müxtəlif növ ağaclardan istifadə edirdi. Sirrin duzlu suda qaynadılmaqla bağlı olmasına inanmaq çətindir”.
Bu skripkaların qeyri-adi dərəcədə yumşaq və güclü səslənməsini lakdan (onun sirrini ustalar cidd-cəhdlə gizli saxlayırdılar) tutmuş XVI əsrdə Şimali İtaliyanı bürüyən və oduncağın bərkliyinin və sıxlığının artmasına gətirib çıxaran mikrobuzlaq dövrünədək müxtəlif amillərlə əsaslandırırdılar.
Karlo Kyeza xatırladır: “Şərqi Alp dağlarında ağacları qışda kəsir və çayla axıdırdılar. Beləliklə, ağaclar Venesiya gölünə gəlib çıxır və burada duzlu suda qalırdı”.
Nagivari eyni dövrdə, amma müxtəlif yerlərdə düzəldilmiş beş aləti müqayisə etmişdir. O, Stradviarinin skripka və violençelindən (müvafiq surətdə 1717-ci və 1731-ci illər), Cuzeppe Qvarnerinin skripkasından (1741-ci il) başqa, parisli usta Bernardelin skripkasını (təxminən 1840-cı il) və londonlu usta Henri Ceyin 1769-cu ildə yaratdığı skripkasını da testdən keçirmişdir. Bundan əlavə, alim elə həmin dövrdə Bosniya və Mərkəzi Avropadan gətirilmiş ağcaqayın ağacının oduncağında da tədqiqat aparmışdır (müasir ustalar həmin ərazilərdə bitən ağacların oduncağından istifadə edirlər). Lakin kimyəvi üsulla emalın izləri yalnız Kremona ağacının oduncağından hazırlanmış alətlərdə aşkarlanmışdır. Belə emal nəticəsində oduncaqda molekulyar bəndlər parçalanaraq sıxlaşmışdır. Əlbəttə, simli alət ustaları o dövrdə bundan xəbərdar ola bilməzdilər.