ŞPİTSBERGENDƏ “NUHUN GƏMİSİ” İNŞA EDİLİR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Şimal qütbü yaxınlığında yeni “Nuhun gəmisi” inşa ediləcəkdir. Məqsəd, elə əvvəlki kimi, Yer üzünü su basdığı təqdirdə planetdə həyatı qoruyub saxlamaqdır. Yeni “gəmi” üzməyəcək, fauna üçün deyil, flora üçün nəzərdə tutulan gəmi yerin üstündə olacaqdır. Şpitsbergen dağında yerləşəcək “Svalbard” beynəlxalq toxum anbarının tikintisi 2007-ci ildə başlanacaq və 2008-ci ildə başa çatacaqdır. Üç milyon toxum nümunəsini də anbara həmin ildə gətirəcəklər.
Beş milyon dollara başa gələcək “Svalbard” Norveç hökumətinin hesabına tikiləcəkdir. Toxum bazasının yaradılmasını və anbara xidmət göstərilməsini Ümumdünya Kənd Təsərrüfatı Bitkilərinin Müxtəlifliyi Fondu öz üzərinə götürəcəkdir. Fondun məqsədi Yer üzünün florasını əbədi saxlamaqdır. Fond artıq bir çox ölkələrdə toxum bankları saxlayır, lakin onlar fövqəladə hallardan müdafiə olunmamışdır. Məsələn, Filippindəki anbarı ötən ilin sentyabrında qasırğa məhv etmişdir. Bütün toxumlar suyun və palçığın altında məhv olmuşdur.
120 metrlik dərinlik hətta nüvə müharibəsi və ya Yerin asteroidlə toqquşması zamanı da müdafiəni təmin edəcəkdir. Yerin seçilməsində bir çox amillər, o cümlədən geoloji struktur və təbii radiasiya fonunun səviyyəsi də nəzərə alınmışdır. Əbədi donuşluq hətta avadanlıq sıradan çıxsa belə, toxumların saxlanması üçün zəruri temperatur rejimini (mənfi 18 dərəcə) təmin edəcəkdir. Kənd təsərrüfatı bitkilərinin əksəriyyətinin, o cümlədən taxıl və günəbaxanın toxumları bu şəraitdə əsrlərlə salamat qala bilir. Noxudun və digər paxlalı bitkilərin toxumlarını isə hər 20-30 ildən bir dəyişmək lazımdır.