Şirvan şəhərində iftar süfrəsi açılıb
Şirvan, 29 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən Ramazan ayı münasibətilə şəhid ailələrinin üzvləri, qazilər, aztəminatlı ailələrin nümayəndələri, Çernobıl qəzasının iştirakçıları, dindarlar üçün iftar süfrəsi açılıb. İftar mərasimində deputat İltizam Yusifov, şəhər icra hakimiyyətinin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Mərasimdə çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Məharət Mustafayev iştirakçıları qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. Bildirib ki, “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir. Milli və dini tolerantlığın hökm sürdüyü ölkəmizdə bütün dini bayramlar, o cümlədən də Ramazan bayramı hər il qeyd olunur.
Məharət Mustafayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qələbə ilə başa çatan Vətən müharibəsindən, ərazi bütövlüyümüzün bərpa olunmasından, tarixi Zəfərin qazanılmasında şəhidlərimizin fədakarlıqlarından söz açıb. Vurğulanıb ki, şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən dövlət siyasəti Şirvan şəhərində də davam etdirilir.
Deputat İltizam Yusifov insanların oruc tutmaqla mənəvi kamilliyə yetişdiyini, saflaşdığını bildirib və bütün müsəlmanların oruclarının və dualarının qəbul olmasını arzulayıb. Dövlətimizin birlik, bərabərlik və həmrəylik sayəsində daha da inkişaf edəcəyinə əmin olduğunu diqqətə çatdırıb. O, xalqımıza əmin-amanlıq, xoşbəxtlik və ruzi-bərəkət arzulayıb.
Şəhid anası Ceyran xanım, şəhid atası Alim Zülfüqarov torpaqlarımızın işğaldan azad edilməsində övladlarının da payı olduğu üçün qürur duyduqlarını bildiriblər.
Mərasim boyu Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Şirvan şəhərindəki səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev və digər din xadimləri “Qurani-Kərim”in nazil olduğu ayın fəzilətlərindən danışıb və dualar oxuyublar.