Şərur Sənaye Məhəlləsində ilk xammalın qəbuluna başlanılıb
Şərur, 21 sentyabr, AZƏRTAC
Şərur Sənaye Məhəlləsində fəaliyyət göstərməsi nəzərdə tutulan emal və istehsal müəssisələrindən biri olan “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin yağ istehsalı zavodunda ilk xammalın qəbuluna başlanılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, zavodda günəbaxan və qarğıdalı bitkilərinin emalı həyata keçiriləcək. Bu müəssisəni xammalla təchiz etmək üçün rayonda 68 hektar sahədə günəbaxan əkilib.
Ən böyük əkin sahəsi Şərur rayonunun Düdəngə kəndinin sakini Mübariz Şirəliyevə məxsusdur. O, 22,5 hektar sahəni günəbaxan üçün ayırıb. Zeyvə kənd sakini Kamil İsmayılov isə 10 hektar sahədə günəbaxan yetişdirib. Artıq rayonda günəbaxan məhsulunun tədarükünə başlanılıb. İlk gün yağ istehsalı zavodunda Şərur rayonu üzrə 15 tona yaxın məhsul qəbul olunub. Muxtar respublikanın digər bölgələrindən də məhsul qəbulu davam edir.
Məhsulunu zavoda təhvil vermək istəyən torpaq mülkiyyətçiləri, ailə təsərrüfatları, sahibkarlar üçün müəssisədə hərtərəfli şərait yaradılıb.