Şərur gəncləri ilə görüş keçirilib
Şərur, 17 mart, AZƏRTAC
Muxtar respublikada gənclərin problemlərinin həlli, fikir və təkliflərinin dinlənilməsi, eləcə də onların müxtəlif sahələrdə yenilikçiliyi və təşəbbüskarlıqlarının artırılması məqsədilə keçirilən ənənəvi görüşlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Şərur rayonunun gəncləri ilə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı nazirliyin fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, gənclərin şəxsi inkişafı və dünyagörüşünün formalaşması, yaradıcılıq potensialının yüksəlməsi, müxtəlif sahələr üzrə təcrübə qazanması və yeni biliklərə yiyələnməsi üçün davamlı olaraq tədbirlər, layihələr icra olunur.
Vurğulanıb ki, muxtar respublikada istedadlı gənclərin qiymətləndirilməsi və onlara cəmiyyətin aparıcı sahələrində yüksək etimad göstərilməsi ənənəsi Ali Məclis Sədrinin gəncliyə olan qayğısını, rəğbətini və yüksək gözləntilərini əks etdirir. İstifadəyə verilən böyük idman obyektləri, məşq bölmələri, bu sahədəki kütləvilik və qazanılan uğurlar diyarımızın idman potensialının davamlılığını və perspektivini nümayiş etdirir.
Nazir sonda gəncləri maraqlandıran sualları cavablandırıb.