Şençjen “min park şəhəri”nə çevrilib
Bakı, 24 sentyabr, AZƏRTAC
Çinin Quandun əyalətindəki (Cənubi Çin) Şençjen şəhərini “min park şəhəri”nə çevirmək vəzifəsi əvvəl nəzərdə tutulandan bir il tez yerinə yetirilib.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Şençjen şəhər idarəetməsi və kompleks adablaşdırma məsələləri bürosunun 2019-cu ilin sentyabr ayına olan məlumatına görə, Şençjen şəhərində və eyniadlı xüsusi iqtisadi zonada ümumi sahəsi 39 min hektardan çox olan 1090 park yaradılıb.
Çində yeni bağlar və parklar salınması əhalinin həyatını yaxşılaşdırmağın mühüm istiqaməti hesab edilir. Şençjenin bu səviyyəyə çatdırılması əvvəlcə 2020-ci il üçün planlaşdırılmışdı.
Şəhərdə üçpilləli parklar sistemi yaradılması məsələsinin həllinə 2006-cı ildən başlanıb. Bu sistemə təbii, şəhər və rayon parkları daxil olmalı idi. Şəhər parkları və ya mərkəzi parklar Şençjenin “yaşıl özəyi”ni təşkil edir. Rayon parkları mikrorayonların ucqar zonalarında, təbii parklar isə adətən şəhər ətrafında yerləşir. Buraya dağ-meşə massivləri və sahilyanı parklar daxildir.
İndiyə qədər Şençjendə ümumi sahəsi 30 min hektardan çox olan 33 təbii park yaradılıb. Bundan əlavə, ümumi sahəsi 8 min hektara yaxın olan 152 şəhər parkı və ümumi sahəsi 1250 hektar olan 905 rayon parkı salınıb. Şəhər sakinləri öz evlərindən 500 metr radiuslu ərazidə ən azı bir rayon parkına, evlərindən iki kilometr radiusda azı bir mərkəzi parka və 5 kilometr radiusda azı bir təbii parka düşə bilərlər.