Şəmkir sahibkarlarının problemləri dinlənilib
Bakı, 8 oktyabr, AZƏRTAC
“Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası istehlakçıların tərəvəz məhsullarına olan tələbatının əhəmiyyətli hissəsini üzərinə götürən Şəmkir rayonunda təşkil olunub.
İB-dən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz”ın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri rayonun Əliyaqublu kəndində baş tutan aksiyada tərəvəz istehsalı ilə məşğul olan istixana sahibləri ilə görüş keçiriblər. Görüşdə 50-dək sahibkarın problemi dinlənilib. Çıxış edən sahibkarlar ötən illər ərzində istehlak etdikləri qaz sərfiyyatının həcminə görə yaranan borclarla bağlı güzəştlərin olunmasını Birliyin rəhbər şəxslərindən xahiş ediblər. Baş direktorun satış üzrə müavini Rəşad Cavadov ünvanlanan hər bir təklif və müraciətin Birliyin rəhbərinə çatdırılacağını və araşdırılaraq müvafiq qərarların veriləcəyini bildirib.
Qeyd edək ki, bu gün təşkil olunan aksiya sayca ümumilikdə 19-cu, sahibkarlarla isə 4-cü görüşdür. Bundan sonra da “Açıq mikrofon” aksiyası davam edəcək.