Şəkidə ümumşəhər iməciliyi keçirilib
Şəki, 16 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Yazın gəlişi ilə əlaqədar aprelin 16-da Şəki Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ümumşəhər iməciliyi keçirilib.
İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiyanın keçirilməsində məqsəd ölkəmizin turizm mərkəzlərindən olan qədim Şəki şəhərini təmiz saxlamaq və şəhər sakinlərini buna təşviq etməkdir.
İməcilik zamanı şəhərin küçə və prospektlərində, meydanlarda, parkların ərazisində abadlıq və təmizlik işləri aparılıb. Yol kənarları səliqəyə salınıb, yaşıllıqlara, ağaclara aqrotexniki qaydada qulluq olunub. İməcilikdə şəhərdə fəaliyyət göstərən idarə və təşkilatların əmək kollektivləri yaxından iştirak ediblər. Ümumilikdə, aksiyaya minə yaxın insan cəlb olunub.
Bu cür aksiyaların davamlı olaraq keçirilməsi nəzərdə tutulur.