Şəkidə şəhid ailələri ziyarət olunub
Şəki, 19 mart, Mustafa Dadaşov, AZƏRTAC
Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən mütəmadi olaraq ziyarət olunur, onların problemləri həll edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Novruz bayramı münasibətilə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və qurumun məsul əməkdaşları şəhid ailələrini ziyarət edib, onlara bayram sovqatı çatdırıblar.
Şəhid ailələrinin üzvlərini bayram münasibətilə təbrik edən icra hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan tarixi Qələbəyə görə şəhidlərə borclu olduğumuzu, onlarla daim qürur duyduğumuzu xüsusi vurğulayıb.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya, maddi və mənəvi köməyə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.